Naxçıvan Dövlət Universiteti (NDU) veb-saytında (www.ndu.edu.az) əlilliyi olan şəxslər, yaşlı istifadəçilər və müxtəlif ehtiyacları olan digər vətəndaşlar üçün veb-əlçatanlığı təmin etmək məqsədilə “Əlçatanlıq (Müyəssərlik) Menyusu” funksiyası aktiv edilib.
Yeni əlavə olunan bu menyu vasitəsilə sayt ziyarətçiləri aşağıdakı funksiyalardan faydalana biləcəklər:
Yazı ölçüsünü böyütmək və ya kiçiltmək,
Kontrast rejimini dəyişmək (qara fon – ağ yazı və s.),
Ekran oxuyucu sistemlərlə uyğunluq,
Klaviatura ilə rahat naviqasiya,
Saytın oxunaqlılığını artıran digər vizual seçimlər.
Bu yenilik accessibility.cert.gov.az
platforması ilə birbaşa inteqrasiya edilib.
Qeyd edək ki, "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə əsasən əlilliyi olan şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyi “WCAG (Web Content Accessibility Guideline) 2.1” (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat) beynəlxalq standartına uyğun təmin edilməlidir.
Bu təşəbbüs inklüziv təhsil mühitinin genişləndirilməsi və rəqəmsal bərabərliyin təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir. NDU, texnologiyanın cəmiyyətin bütün üzvləri üçün faydalı və əlçatan olmasını təmin etmək məqsədilə gələcəkdə də bu istiqamətdə tədbirləri davam etdirəcək.