Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə həyata keçirilən “Kiber Yay Məktəbi 2025” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri aktiv iştirak nümayiş etdiriblər.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri, Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Əsgərli, İnformasiya texnologiyaları ixtisası üzrə III kurs tələbələri Nurcan Hüseynova, Lətifə Aynayeva və Tərlan Qocayeva iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Bilgəh İstirahət Mərkəzində baş tutub. 21-26 iyul tarixlərində Bakı Ali Neft Məktəbində keçirilən təlimlərdə iştirakçılar informasiya təhlükəsizliyi, SOC əməliyyatları, etik hakerlik və s. kimi sahələr üzrə biliklər əldə ediblər.
26 iyul tarixində Bakı Ali Neft Məktəbində təşkil olunan bağlanış mərasimində, yay məktəbi iştirakçılarının 5 günlük intensiv fəaliyyətləri qiymətləndirilib, onlara sertifikatlar təqdim olunub. Həmçinin, “Red Team–Blue Team” yarışlarında yüksək nəticə göstərən komandalar xüsusi təltif edilib.
Qeyd edək ki, 1-ci və 3-cü yer üzrə yüksək nəticə göstərən komandalarda Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi də yer alıb. Belə ki, Nurcan Hüseynova I yer üzrə nəticə göstərən komanda üzvü kimi, Tərlan Qocayeva isə III yer üzrə nəticə göstərən komanda üzvü kimi fəallıq göstərərək qalib olublar.
Universitetimiz bu cür təşəbbüsləri gənclərin texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək baxımından olduqca önəmli hesab edir və tələbələrin aktiv iştirakını dəstəkləyir.