Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsman aparatının, Ali Məhkəmənin, Prokurorluğun, ədliyyə, daxili işlər, iqtisadiyyat, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, Baş Gömrük İdarəsi, Mediasiya Təşkilatı və Vəkillər Kollegiyasının əməkdaşları, o cümlədən universitetin müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev və Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova giriş sözü ilə çıxış edərək yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra Ombudsman aparatının əməkdaşı Samir Tarverdiyevin, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının əməkdaşı Ələkbər Cəfərovun və Naxçıvan Mediasiya Təşkilatının əməkdaşı Orxan Abbasovun çıxışları dinlənilib.
Çıxışlarda ölkədə, eləcə də muxtar respublikada hüquq institutlarının inkişafı, insan hüquqlarının səmərəli təmini, milli qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi və institusional mexanizmlər sisteminin yenidən qurulması məqsədilə həyata keçirilmiş genişmiqyaslı hüquqi islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.