NDU-da AIESEC təşkilatının infosessiyası keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsində AIESEC Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə məlumatlandırıcı infosessiya keçirilib. Tədbirdə universitetin Tələbə Gənclər Təşkilatının sədri Kamal Nağılı, tələbələr, eləcə də AIESEC-in Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Lokal Komitə sədri Jalə Zeynal, Hüquq və Maliyyə üzrə Lokal Komitə sədri Milana Cəfərli, Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə direktoru Nizami Baxşəliyev, İnsan Resursları üzrə direktoru Səma Seyidzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan TGT sədri Kamal Nağılı çıxışçılarla iştirakçıları tanış edib və AIESEC təşkilatının tələbələrin fərdi və peşəkar inkişafında oynadığı roldan bəhs edib. O, TGT-nin universitetdə həyata keçirdiyi layihələr və tələbə təşəbbüsləri ilə bağlı qısa məlumat verərək, bu tədbirdə iştirak edən və aktivliyi ilə seçilən tələbələrə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən AIESEC-in Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Lokal Komitə sədri Jalə Zeynal təqdimatla çıxış edərək AIESEC təşkilatının yaranma tarixi, məqsədi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, AIESEC 1948-ci ildə yaradılmış, dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və gənclərin liderlik potensialını inkişaf etdirməyə yönəlmiş beynəlxalq təşkilatdır. Jalə Zeynal, həmçinin AIESEC-in həyata keçirdiyi beynəlxalq təcrübə proqramları, sosial layihələr, könüllülük fəaliyyətləri və müxtəlif ölkələrdə keçirilən liderlik forumları haqqında da qeyd edib. O vurğulayıb ki, təşkilat vasitəsilə tələbələr həm xarici ölkələrdə təcrübə keçmək, həm də fərqli mədəniyyətlərlə tanış olaraq qlobal dünyagörüş qazanmaq imkanı əldə edirlər.

Sonda tədbir interaktiv şəkildə davam edib, iştirakçılar çıxışçılara suallar ünvanlayıblar.