Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Hesablama Palatasının rəhbərliyi ali təhsil ocağının İqtisadiyyat fakültəsnin əməkdaşlarına və tələbələrinə təlim təşkil ediblər.
Hesablama Palatasının Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov, sektorun məsləhətçiləri Zeynəb Cəfərova və Şirvanə Tacirli seminarda çıxış ediblər. Çıxışçılar dövlət sektorunda auditin əhəmiyyəti, nəzarət mexanizmləri və müasir yanaşmalar barədə ətraflı məlumat veriblər.
Ramal Əzizov auditin şəffaf idarəetmədəki rolunu vurğulayaraq, dövlət qurumlarında hesabatlılığın artırılması istiqamətində aparılan islahatlardan bəhs edib. Zeynəb Cəfərova və Şirvanə Tacirli isə audit prosesinin mərhələləri və metodlarını praktik nümunələr əsasında izah edərək, dövlət qulluğu barədə mühüm məlumatlara diqqət çəkiblər.
Seminar tələbələrin dövlət maliyyə nəzarəti sahəsində biliklərini artırmaq və praktik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, ümumilikdə 44 saatdan ibarət 21 təlim olacaq. Mütəmadi olaraq aprel ayının 21-dək Hesablama Palatasının əməkdaşları universitetin tələbələri üçün müxtəlif mövzularda təlim keçəcəklər.