Naxçıvan Dövlət Universitetində Qars Qafqaz Universitetinin baytarlıq fakültəsinin tanınmış professoru İsa Özaydın “Elmi araşdırmalardan jurnallara: Effektiv məqalə yazma” haqqında məlumat verib.
Naxçıvan Dövlət Universitetinin rektor müşaviri Rəcəb Cəfərli, çıxışında qeyd edib ki, Türkiyənin nüfuzlu universitetlərindən dəvət olunan xarici professorların universitetdə təlimlər keçməsi ənənə halını alıb və bu, müəllim və tələbələrin peşəkar inkişafına mühüm töhfə verir. Rəcəb Cəfərli həmçinin bildirib ki, baytarlıq ixtisası üzrə dəvət olunmuş əcnəbi müəllimlər tələbələrə cərrahi nəzəri biliklər təqdim edir və onların peşəkar hazırlığına dəstək göstərirlər. Qeyd olunub ki, bu cür təlimlər təkcə nəzəri biliklərin təkmilləşdirilməsi ilə kifayətlənməyərək, tələbələrin gələcək peşəkar fəaliyyətlərində təcrübə qazanmasına da şərait yaradır.
Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin tanınmış professoru İsa Özaydın Naxçıvan Dövlət Universitetində müəllim və tələbələr üçün geniş mövzuları əhatə edən təlim keçib. Təlimdə tədqiqat mövzusunun düzgün seçilməsi, məqsəd və hipotezin müəyyən edilməsi, elmi metodologiyanın hazırlanması və məlumatların toplanması, məqalənin strukturunun formalaşdırılması və hər bir bölmənin effektiv şəkildə yazılması kimi mühüm aspektlərə toxunulub. Həmçinin akademik yazıda məntiqi ardıcıllıq və aydın ifadə tərzi, uyğun jurnalın seçimi, məqalənin formatlaşdırılması və təqdimatı, plagiatın qarşısının alınması yolları, düzgün istinad texnikaları və məqalənin təsirinin artırılması üçün strategiyalar haqqında ətraflı məlumat verilib. Təlim, iştirakçıların akademik yazı bacarıqlarının inkişaf etdirilməsinə və beynəlxalq səviyyədə keyfiyyətli elmi məqalələrin hazırlanmasına töhfə verib.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.