Naxçıvan Dövlət Universitetində Beynəlxalq Təlim Aylığı çərçivəsində silsilə təlimlər davam edir. Növbəti təlim qonaq professor Aysel Ersoy tərəfindən keçirilib.
Təlimin əvvəlində NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli professoru iştirakçılara təqdim edərək onun elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib, beynəlxalq təcrübəsindən bəhs edib. Bildirib ki, İstanbul Universiteti-Cerrahpaşa Elektrik və Elektronika Mühəndisliyi kafedrasının professoru Aysel Ersoy öz sahəsində ixtisaslaşmış mütəxəssisdir və təlimçi bir çox yerli və beynəlxalq layihələrdə iştirak edib. Professorun akademik fəaliyyətinə elmi məqalələr, konfrans materialları və müxtəlif layihələr daxildir.
Təlimçi fənlərarası əməkdaşlıqda uğur nümunələri, XXI əsrdə bu yanaşmanın rolu, sənaye və akademik sahələrdə tətbiqi, kommunikasiyanın rolu, multidisiplinar və fənlərarası yanaşmalar arasındakı fərqlər və bir sıra mövzular barədə ətraflı məlumat verib.
Tədbirin sonunda Naxçıvan Dövlət Universiteti tərəfindən professor Aysel Ersoya ali təhsil ocağının elmi fəaliyyətinə verdiyi töhfələrə görə təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, 1-30 aprel tarixlərini əhatə edən Beynəlxalq Təlim Aylığı çərçivəsində dünyanın 6 ölkəsindən 21 təlimçi 5 əsas sahə üzrə 3 dildə 21 mövzuda təlimlər keçir. Bu təlimlərdə muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq iştirak edirlər.