NDU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” mövzusunda III Beynəlxalq elmi konfransın bölmə iclası  keçirilib

Mayın 20-də Naxçıvan Dövlət Universitetində Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə 10-11 aprel tarixlərində Bakı şəhərində keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf”  mövzusunda III Beynəlxalq elmi konfransın bölmə iclası təşkil olunub. Konfransın bölmə iclası Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfdaşlığı ilə baş tutub.

“İnklüziv təhsilin təşkili: ehtiyacların müəyyən edilməsi”, “Peşəkar müəllim – dayanıqlı cəmiyyət: transformasiya yolları” və “Müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq: inklüzivliyin əsas dayağı” mövzularında üç istiqaməti əhatə edən  bölmə iclasına NDU-nun Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev və Bakı Slavyan Universitetinin Təhsil fakültəsinin dekanı Sevinc Axundova moderatorluq edib. Bölmə iclasında inklüziv təhsilin aktual məsələlərindən bəhs edilib, bu sahədə elmi əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulanıb. Bildirilib ki, Bakı Slavyan Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilən bölmə iclası olduqca əhəmiyyətlidir. Eyni zamanda iki ali təhsil müəssisəsi arasında gələcəkdə nəzərdə tutulan birgə layihələrin həyata keçirilməsi, tədqiqatların genişləndirilməsi, tələbə-müəllim mobilliyinin inkişaf etdirilməsi də mühüm mahiyyət kəsb edir.

Birinci bölmədə NDU-nun əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev “İnklüziv təhsilin təşkilində müəllimin emosional intellektinin rolu”, BSU-nun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Günel Allahverdiyeva “Region məktəblərində inklüziv təhsilin təşkili: imkanlar və maneələr”, NDU-nun əməkdaşı, pedaogika üzrə fəlsəfə doktoru, dosent Nəzakət Yusifova “Azərbaycanda inklüziv təhsilin tətbiqində problemlər”, Naxçıvan MR Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Rüstəmli isə “Naxçıvan MR-da inklüziv təhsil: mövcud vəziyyət və islahat istiqamətləri” mövzusunda çıxış ediblər. Çıxış edənlər inklüziv təhsilin təşkilində emosional intellektin, normativ çərçivələrin və maddi-texniki imkanların əhəmiyyətindən danışıblar.

İkinci bölmədə BSU-nun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədova “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində müəllimlərin peşəkar inkişafı, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova isə “İnklüziv siniflərdə şagirdlərlə işin təşkili” mövzularında məruzə təqdim ediblər. Məruzəçilər inklüziv təhsildə müəllimlərin peşəkar inkişafının vacibliyini və inklüziv siniflərdə fərdi yanaşmanın tətbiqini vurğulayıblar.

Üçüncü bölmədə isə BSU-nun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Axundova “İnklüziv təhsilin inkişafında əməkdaşlığın rolu”, NDU-nun əməkdaşı, pedaogika üzrə fəlsəfə doktoru Solmaz Cabbarova “Məktəbəqədər təhsildə inklüziv təlimin təşkili”, Heydər Əliyev adına tam orta məktəbin psixoloqu Vəfa Qasımova “İnklüziv məktəbdə multidissiplinar komanda işində psixoloqun funksiyası” mövzusunda çıxış ediblər. Həmçinin valideyn Dilarə Yusifova da mövzu ilə bağlı təklifləri ilə çıxış edib. Müzakirələrdə isə inklüziv təhsilin inkişafında məktəb, ailə və cəmiyyət arasında əməkdaşlığın xüsusi rol oynadığı bildirilib.

Konfrans iştirakçılarının çıxışlarından sonra geniş müzakirələr aparılıb. Tədbirin sonunda bölmə iştirakçılarına sertifikatlar təqdim olunub.