Naxçıvan Dövlət Universitetində ilk dəfə tələbə konfransı keçirilib. Konfrans “31 Mart Soyqırımı: Tarixi Reallıqlar və Müasir Çağırışlar” mövzusunda baş tutub.
Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra soyqırımı həqiqətlərini əks etdirən videoçarx izlənilib.
Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov çıxış edərək 1918-ci il 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün tarixi faktlarından, ermənilərin məkrli siyasətindən danışıb. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan bu tarixi hadisələr zamanı on minlərlə dinc azərbaycanlının yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyini vurğulayıb.
Konfransın təşkilatçısı, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nazlı Yaqubova soyqırımın səbəbləri və nəticələri barədə danışıb. Bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Nazlı Yaqubova tədbirin əsas məqsədinin bu tarixi həqiqətlərin hər zaman xatırlanması və beynəlxalq aləmə çatdırılması prosesində gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etməsinə hədəfləndiyini qeyd edib.
Daha sonra Beynəlxalq münasibətlər ixtisasının II kurs tələbələri müxtəlif mövzularda çıxışlar ediblər. Tələbələr “31 Mart Soyqırımlarında Azərbaycanın pozulmuş suverenlik hüquqları”, “Naxçıvan blokadasının yarılması-İğdır-Naxçıvan qaz xətti”, “Tarixin təkrarı: Moskva və Qars müqaviləsindən Şuşa müqaviləsinə”, “Azərbaycanın tarixi qələbəsi-Dövlət suverenliyinin təmin edilməsi”, “Mart soyqırımları-erməni terrorunun hüquqi qiymətləndirilməsində Heydər Əliyevin rolu”, “Faciədən qələbəyə, İkinci Qarabağ müharibəsi” kimi mövzular barədə məlumatları bölüşüblər.
Sonda çıxış edən tələbələrə sertifikatlar təqdim olunub.