NDU-da “Mənim dərsim” və “Mənim kafedram” və “EchoPoll” layihələrinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində yeni keyfiyyət yönümlü layihələrin təqdimatı keçirilib. Təqdimat Strateji inkişaf üzrə rektor müşaviri Rəcəb Cəfərlinin təşəbbüsü ilə baş tutub. Tədbirdə dekanlar, kafedra müdirləri və müəllim heyəti iştirak edib.

Rəcəb Cəfərli bildirib ki, “Mənim dərsim” layihəsi tədrisin keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Layihədə innovativ tədris metodlarının tətbiqi təşviq olunur. Dərslər indikatorlara əsasən təşkil ediləcək. İlin sonunda tələbələr arasında sorğu aparılacaq və müəllimlərin fəaliyyəti qiymətləndiriləcək. Kafedralar isə 100 ballıq sistemlə ayrıca dəyərləndiriləcək. O, qeyd edib ki, “Mənim kafedram” layihəsi elmi fəaliyyətin keyfiyyətinə yönəlib. Kafedraların H indeksi, istinad sayı, beynəlxalq məqalələr, patentlər və laborator imkanları əsas göstəricilər kimi nəzərə alınacaq. Rəcəb Cəfərli onu da bildirib ki, Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatlarının “E3 Tech Ecolnovation Grant” müsabiqəsinin qalibi olub. Qalib olan layihə ekologiyanın çirklənməsinə qarşı innovativ həllər üzərində qurulub. Layihə dayanıqlı inkişaf məqsədlərinə xidmət edir və beynəlxalq səviyyədə tanınıb.

Layihələrin əsas məqsədi universitetdə sağlam rəqabət və davamlı inkişaf mühitini gücləndirməkdir.

Tədbir sonda müzakirələr və təkliflərlə davam edib.