NDU-da  Mahirə Məmmədovanın pedaqoji fəaliyyətinə həsr olunan “Ömrün Kaman Səhifələri” adlı tədbir  keçirilib

 

Naxçıvan Dövlət Universitetində NDU nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri fənn birləşmə komissiyasının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi  Mahirə Məmmədovanın pedoqoji fəaliyyətinə həsr olunan “Ömrün Kaman səhifələri” adlı tədbir keçirilib.

Etiqad Seyidov çıxış edərək Mahirə Məmmədovanın həyat yoluna və pedaqoji fəaliyyətinə nəzər salıb. Ömrünün 50 ilini Naxçıvan Kamança məktəbinin formalaşmasına həsr edən sənət fədaisi haqqında məlumatları bölüşüb, Mahirə xanımın həm də gözəl pedaqoq olduğunu vurğulayıb.

Aqib Seyidov səbəbkarın çoxşaxəli fəaliyyətindən söz açıb, bildirib ki, müasir dövrümüzdə Naxçıvanda kamança ifaçılıq sənətini inkişaf etdirən, təcrübələrini gənclərlə bölüşən Mahirə xanımın musiqi sənətində öz dəsti-xətti var.

 Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru,  Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhhəbbət Babayeva muxtar respublikasının mədəni həyatında mühüm yer tutan NDU nəzdində Naxçıvan Musiqi Kollecinin 50 illik zəngin tarixi, ölkənin musiqi mədəniyyətinə qazandırdığı töhfələrdən bəhs edib. Bu mərhələdə Mahirə xanımın pedoqoq və  əməkdar mədəniyyət işçisi kimi mühüm xidmətlərinin olduğunu qeyd edib. Vurğulayıb ki, Mahirə xanım  həm istedadlı müsiqiçi, həm gözəl pedaqoq, bacarıqlı ifaçı olmaqla yanaşı, həm də məsuliyyəti, diqqəti və kollektiv arasında hörməti ilə seçilən həmkardır.

 Sonra Mahirə Məmmədovanın həyat yolu və sənət fəaliyyətini əks etdirən videoçarx izlənilib. Tədbir bədii hissə ilə davam edib.

Kamançaçalanlar ansablı, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri  Aqib Seyidov, Əbülfət Babayev, Əbülfəz Rzayev, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova eləcə də Kollecin müəllim və tələbələrinin yer aldığı konsert proqramında səslənən rəngarəng ifalar zövq oxşayıb.  

Tədbirdə Cahangir Cahangirovun “Qəzəl”, Həsən Rzayevin “Çahargah Rapsodiyası”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Monti Cardaş – duet, Cahangir Cahangirovun “Süzən qızlar”, “Ay qız”,   Siyavuş  Kərimlinin “Ömrümün istəyi”, Şəfiqə Axundovanın “Lay-Lay” kimi Azərbaycan musiqisindən seçmə əsərlər səsləndirilib.   

NDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək Mahirə xanımın kollecdəki fəaliyyəti dövründə təqdirəlayiq çıxışları ilə hər zaman fərqləndiyini vurğulayıb. Gələcək fəaliyyətində uğurlar arzulayıb, universitet rəhbərliyi adından təbrik edib, uğurlu və səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edib.

Tədbirdə maraqlı və rənəgarəng çıxışlar olub, son sözü isə səbəbkar özü deyib. Təcrübəli pedoqoq Mahirə Məmmədova göstərilən diqqətə görə təşəkkürünü bildirib, dahi bəstəkar Şəfiqə Axundovanın “Lay-Lay” əsərini ifa edib. Onun özünəməxsus çalğı üslubu  ilə ustalıqla ifa etdiyi  əsər zalda xüsusi ovqat yaradıb.