NDU-da Mahirə Nağıqızı ilə Ulu Öndər irsinə baxış

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir çərçivəsində filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızının çıxışı dinlənilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov professor Mahirə Nağıqızının universitetin elmi və pedaqoji mühitinə verdiyi töhfələrdən bəhs edib,  təşəkkürünü bildirib. O, alimin Azərbaycan elminə və təhsilinə göstərdiyi xidmətlərin gənc nəsil üçün örnək olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Professor Mahirə Nağıqızı çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən söz açıb. Bildirib ki, Ümummilli Liderin təməlini qoyduğu dövlətçilik ideyaları bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir. O, vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev ana dilimizi yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyimizin, mənəviyyatımızın və mədəniyyətimizin əsası kimi dəyərləndirib. Qeyd edib ki, Ümumillli Liderin təşəbbüsü ilə Azərbaycan dili Konstitusiya səviyyəsində dövlət dili kimi təsbit olunub bu da tariximizdə mühüm mərhələdir. Alim  Ulu Öndərin həyat və fəaliyyətinə həsr etdiyi elmi məqalələr və nəşr etdirdiyi kitablar haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verib.