NDU-da “Musiqişünaslıq:inkişafının dövrləri və üfüqləri” adlı kitabın təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Musiqişünaslıq: inkişafının dövrləri və üfüqləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Elmi katibi Orxan Cəfərov musiqi sənətinə universitetdə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. O, çıxışında vurğulayıb ki, təqdim olunan nəşrdə musiqi sənətində baş verən inkişafların fonunda yeni təmayüllərin formalaşması öz əksini tapıb. Kitabın həm professional musiqiçilər, həm də musiqi tarixinə maraq göstərən oxucular üçün nəzərdə tutulduğu bildirilib.

Universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent Cavid İsmayılov çıxışında müəllifin musiqi sahəsindəki elmi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, kitabda tarixi və nəzəri musiqişünaslıqla yanaşı, intibah dövrü, barokko və rokoko üslubları, klassizm və romantizm mərhələləri də ətraflı şəkildə təhlil olunub.

Daha sonra “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, dosent İnara Məhərrəmova və “Orkestr alətləri və dirijorluq” kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərov və digər çıxışçılar çıxış edərək kitabın elmi və pedaqoji əhəmiyyətindən danışıblar, müəllifi bu uğurlu nəşr münasibətilə təbrik ediblər.

Sonda dosent Günay Məmmədova göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.