NDU-da nəqliyyat məsələləri üzrə ekspert  Ərşad Hüseynovun vebinarı keçirilib

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində “Yollarda təhlükəsizlik davranışı necə təmin edək?” mövzusunda Nəqliyyat mühəndisliyi ixtisasının tələbələrinə vebinar təşkil olunub. Ali təhsil ocağında “Digesta” hüquq mərkəzinin direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Yol hərəkətinin təşkilinin hərəkətin təhlükəsizliyində əhəmiyyəti” mövzusunda onlayn təlim keçib. 

Universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov yol hərəkəti təhlükəsizliyi mövzusunun mühəndislik sahəsində təhsil alan tələbələr üçün əhəmiyyətinə diqqət çəkib. O, belə təlimlərin nəqliyyat mühəndislərinin peşəkar biliklərinin artırılmasına töhfə verdiyini bildirib.

Təlimə onlayn qoşulan Yol hərəkəti üzrə ekspert, “Digesta” hüquq mərkəzinin direktoru Ərşad Hüseynov çıxışında yol hərəkətində təhlükəsizliyin təmin olunması, sürücü və piyadaların davranış qaydaları, mövcud qanunvericilik və beynəlxalq təcrübə barədə geniş məlumat verib. Ekspert həmçinin yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün effektiv strategiyalardan, risk faktorlarından və texnoloji yeniliklərin bu sahəyə təsirindən bəhs edib.

Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.