NDU-da professor Rüya Şamlının təlimi keçirilib

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Təlim Aylığı çərçivəsində təlimlər davam edir. Növbəti elmi-praktiki təlim Magistratura və doktorantura mərkəzində İstanbul Universitetinin Cerrahpaşa Kompüter mühəndisliyi fakültəsinin tanınmış akademiki Rüya Şamlı tərəfindən keçirilib. 

Tədbirin əvvəlində çıxış edən NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli qonağı iştirakçılara təqdim edərək bildirib ki, professor Rüya Şamlı e-ticarət platformalarında türk dilindəki məhsul rəylərinin duyğu analizi, video məlumatlarda təhlükəli obyektlərin dərin öyrənmə metodları ilə aşkarlanması kimi müxtəlif istiqamətlərdə elmi araşdırmalar aparıb. O, həmçinin “Avrupa Bilim ve Teknoloji Dergisi” və “Uludağ Üniversitesi Mühendislik Fakültesi Dergisi” kimi nüfuzlu elmi jurnallarda hakim kimi fəaliyyət göstərir.

Təlim zamanı professor Rüya Şamlı süni intellektin əsas anlayışları, onun müxtəlif tətbiq sahələri, eləcə də “AI strategiyaları: rəqəmsal transformasiya üçün yeni perspektivlər” mövzusunda geniş təqdimatla çıxış edib. O, vurğulayıb ki, AI strategiyalarının qurulması müəssisələrə daha dəqiq analizlər aparmaq, ehtiyacları öncədən görmək və rəqəmsal çevikliyə nail olmaqda ciddi üstünlüklər qazandırır.