NDU-da “Qayıdışdan başlayan Qurtuluş” adlı panel müzakirə keçirilib

Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Ulu Öndərin Xatirə Həftəsi” proqramı çərçivəsində “Qayıdışdan başlayan Qurtuluş” adlı panel müzakirə keçirilib.

Paneldə Azərbaycan Respublikasının Əməkdar jurnalisti, 1991–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat Xidmətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynova və Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Ulu Öndər Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfulla Qurbanov çıxış ediblər.

Əməkdar jurnalist Qahirə Hüseynova çıxışında Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında  əvəzsiz xidmətlərindən bəhs edib və şəxsi xatirələrini iştirakçılarla bölüşüb.  O,  bildirib ki, 1990-cı illərin əvvəllərində ölkənin mürəkkəb ictimai-siyasi şəraitində dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvana qayıdışı xalq üçün ümid işığı oldu və müstəqilliyə gedən yol Naxçıvandan başlandı. Ümummilli Liderin  iradəsi, əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi qorundu, möhkəmləndi, dünyada tanındı və qısa müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçib dünya dövlətləri arasında güclü ölkəyə çevrildi. Qahirə Hüseynova qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti, iqtisadi islahatları və ordu quruculuğu sahəsində atdığı addımlar sayəsində gələcək Qarabağ Zəfərinin təməli qoyulub. Bu təməl dövlət başçısı, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə tamamlanıb və bu gün biz Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü qeyd edirik.

Panelin digər çıxışçısı, sabiq hərbi kəşfiyyatçı və Ulu Öndərin yaxın silahdaşı Urfulla Qurbanov isə öz çıxışında o dövrün real mənzərəsini canlandıraraq, Ulu Öndərlə birgə fəaliyyəti dövründəki xatirələrini paylaşıb. O, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda dövlətçiliyin əsaslarının qorunub saxlanılması, regionun xarici təhlükələrə qarşı müdafiəsinin təşkili və milli ideologiya istiqamətində atılan addımlardan söz  açıb. Ulu Öndərin yüksək vətənpərvərlik və qətiyyət nümunəsi olduğunu qeyd edərək onunla birgə çalışdığı dövrdəki mürəkkəb ictimai-siyasi şəraiti və o şəraitdə dahi şəxsiyyətin Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul etməsini diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib.