NDU-da “Stomatologiyada İnnovasiyalar” Beynəlxalq elmi-praktiki konfransın plenar iclasları keçirilib

20-21 may tarixlərində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyinə həsr olunan “Stomatologiyada İnnovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. NDU və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan konfransın  plenar iclaslarında aktual mövzular müzakirə olunub.

Plenar çıxışların ikinci hissəsinə İstanbul Aydın Universiteti Diş həkimliyi fakültəsinin “Ağız, diş və çənə cərrahiyyəsi” kafedrasının müəllimi, dosent Elçin Bədəloğlu və Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov moderatorluq ediblər.

Həkim stomatoloq Qədir Rüstəmov “Dental fotoqrafiyanın implantasiyada önəmi”, Restorativ diş müalicəsi həkimi  İlkin Babakişiyev “Estetik gülüş üçün anterior restavrasiyalar: minimum müdaxilə, maksimum nəticə”, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru, implantoloq Rəşad Abışov “Üz-çənə deformasiyalarının profilaktikasında stomatoloqların rolu”, NDU-nun “Stomatologiya” kafedrasının müəllimi Əli Məmmədov “Ortodontiyada sənədləşmə qaydaları”, Aydın Universiteti Diş Həkimliyi fakültəsinin “Ağız, diş və çənə radiologiyası” kafedrasının müəllimi Nuran Bayramov isə “Diş həkimliyi sahəsində maqnit rezonans tomoqrafiyasının tətbiqi” mövzularında geniş təqdimatla çıxış ediblər.

İki gün davam edən konfrans interaktiv müzakirələr, sual-cavab sessiyaları və elmi fikir mübadiləsi baxımından iştirakçılar üçün məhsuldar və faydalı bir platforma olub.