NDU-nun Tibb fakültəsinin tələbələrinə Türkiyədən dəvət olunan stomatoloq mütəxəssislər ustad dərsləri keçiblər

Xəbər verdiyimiz kimi, 20-21 may tarixlərində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyinə həsr olunan “Stomatologiyada İnnovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans çərçivəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin xətti ilə Türkiyənin İstanbul şəhərindən ölkəmizə gələn stomatoloq mütəxəssislər  NDU-nun Tibb fakültəsinin Stomatologiya ixtisasının tələbələri üçün ustad dərsləri keçiblər.

Türkiyənin İstanbul Aydın Universiteti Diş Həkimliyi fakültəsinin Ağız, Diş və Çənə Cərrahiyyəsi kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, stomatoloq Elçin Bədəloğlu, həmin universitetin Ağız, Diş və Çənə Radiologiyası kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru, stomatoloq Nuran Bayramov, Türkiyə Ortodontiya Cəmiyyətinin üzvü, stomatoloq İlkin Məmmədov və tibb elmləri üzrə fəlsəfə doktoru, stomatoloq İlkin Babakişiyev universitetin Stomatologiya ixtisasında təhsil alan tələbələrinə ustad dərsləri keçiblər.

Stomatoloq mütəxəssislər “Autogen qreftlərin implantologiyada istifadəsi”, “Pranazal sinus xəstəlikləri və radioqrafik görüntüləmə üsulları”, “Breketlərin tətbiqi” və Ortodontiyada terminologiya” mövzularında tələbələrlə biliklərini bölüşüblər.

Qeyd edək ki, NDU və Azərbaycan İmplantoloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan konfrans çərçivəsində keçirilən ustad dərsləri iki gün davam edib.