Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Tibbi profilaktika ixtisası üzrə son kurs tələbələri tədris planına uyğun olaraq, Naxçıvan şəhərində yerləşən “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də praktiki məşğələdə iştirak ediblər. Məşğələ tələbələrdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması məqsədi daşıyıb. Belə təcrübələrin təşkili universitet-sənaye işbirliyinin ölkənin iqtisadi inkişafına və işçi qüvvəsinin potensialının artırılmasına dəstək mahiyyəti kəsb edir.
Klinik fənnlər və hərbi tibb kafedrasının müəllimi Abdulla Babayev “Yeyinti məhsulları istehsal edən müəssisələrdə texnoloji proseslərin gigiyenik əsaslarının öyrənilməsi“ mövzusunda tələbələrə məlumat verib.
Fabrikin icraçı direktoru Emin Rzayev müəssisənin yaranma tarixi, istehsal gücü haqqında danışıb, beynəlxalq sertifikatlar almış məhsulların Rusiya, Gürcüstan, Türkmənistan, İraq, Yəmən və Əfqanıstan kimi bir çox xarici ölkələrə ixrac edilməsini, qazanılmış uğur və nailiyyətləri diqqətə çatdırıb. Həmçinin müəssisədə səmərəli fəaliyyətin təşkili ilə bağlı əsaslı məsələlərdən söz açıb.
Sonra tələbələr “Ləzzət Biskvit və Şokolad Fabriki” ilə daha yaxından tanış olublar, onlara xüsusilə gigiyenik qaydalara riayətin vacibliyi ilə bağlı məlumatlar verilib. Əmək şəraiti, texnoloji avadanlıqlar, laboratoriya və onun cihazları, reaktiv və qidalı mühitləri, laboratoriyada müayinə olunmuş xammal və hazır məhsulların müayinə protokolları, istehsal zamanı texnoloji proseslərin ardıcıllığı və digər qaydalardan bəhs edilib. Həmçinin tələbələr yeyinti sənayesinin ardıcıl və planlı surətdə inkişafını, iş prosesində avtomatlaşdırmanın tətbiq edilməsini müşayiət edib, yeyinti məhsulları istehsalının müasir texnologiyasını öyrənib, istehsalın gigiyenik normalara və sanitariya rejiminə olan tələblərinin hərtərəfli yerinə yetirilməsinin praktiki şahidi olublar.
Təcrübədə tələbələrə texniki avadanlıqla yaxşı təmin olunmuş və texnoloji prosesləri avtomatlaşdırılmış olan obyektlərin xüsusi metodik göstəriş və müayinə sxemi əsasında necə yoxlanılması əyani olaraq öyrədilib. Gigiyenik yoxlama və müayinələrin aparılmasının əsas məqsədi izah edilib, yeyinti məhsulları istehsalının müasir texnologiyasına yiyələnmiş, gigiyenik prinsiplər və sanitariya rejiminə uyğun fəaliyət göstərən müəssisə tərəfindən istehlakçıların təhlükəsiz qənnadı və şirniyyat məhsulları ilə təmin olunmasının mahiyyəti açıqlanıb. Təcrübə zamanı tələbələrə praktiki fəaliyyət imkanı yaradılıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin əməkdaşlıqlarında sənaye iş birlikləri mühüm əhəmiyyət daşıyır. Bu əsasda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə universitet arasında 19 fevral 2024-cü il tarixində əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq gənc tədqiqatçıların və tələbələrin sənaye profesionalları və ixtisaslı mütəxəssislərlə əlaqə yaratmasına, elmi nailiyyətlərin sənayedə tətbiqinə dair təcrübə qazanmalarına nail olmaq üçün mentorluq proqramı və təcrübə proqramlarını dəstəkləmək məqsədlərini də əhatə edib.