NDU tələbələri Bakıda "Bədii Yaradıcılıq Müsabiqə Festivalı"nın yekun konsertində iştirak edib

  Mayın 16-da paytaxt Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Bədii Yaradıcılıq Müsabiqə Festivalı"nda Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə heyəti iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Səfər çərçivəsində ilk olaraq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra NDU nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

NDU tələbələri "Bədii Yaradıcılıq Müsabiqə Festivalı"nın yekun konsertində uğurla iştirak edərək universiteti layiqincə təmsil ediblər.

Tələbələr aşıq sənətinin incisi olan "Kərəm gözəlləməsi" havasını, Şəfiqə Axundova və İskəndər Coşqunun unudulmaz "Mehriban olaq" mahnısını, Bəxtiyar Vahabzadə və Leyla Əliyevanın vətənpərvərlik ruhlu "Bayraq" şeirini, coşğulu "Yallı" rəqsini, Ramiz Mirişli və Məmməd Arazın dərin mənalı "Doğma diyar" mahnısını, həmçinin "Tarix yazan sərkərdə" şeirini səsləndirərək öz istedadlarını nümayiş etdiriblər.