NDU tələbələri üçün “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də auditoriyadan kənar dərs təşkil olunub

Naxçıvan Dövlət Universiteti və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 19 fevral 2024-cü il tarixində imzalanmış “Naxçıvan Dövlət Universitetinin İnnovativ İnkişafını Dəstəkləyən Anlaşma Memorandumu”na əsasən universitet-sənaye münasibətlərinin inkişafı, nəzəri biliklərin praktikada tətbiqi, tələbələrin real iş şəraiti ilə tanış olması və tədris prosesinin səmərəli təşkili məqsədilə auditoriyadan kənar dərslərin keçirilməsi nəzərdə tutulub. 

İqtisadiyyat və idarəetmə fakültəsi Mühasibat və maliyyə kafedrasının müəllimi Mehparə Elxan qızı Məmmədovanın II kurs “Mühasibat” ixtisasında tədris etdiyi “Fəaliyyətin effektiv idarə edilməsi” fənni üzrə növbəti dərsi “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də keçirilib. İlkin tanışlıq zamanı müəssisə rəhbəri tərəfindən tələbələrə onun yaranma tarixi və bu müddətdə aparılmış islahatlar barədə məlumat verilib. Bildirilib ki, müəssisə 2010-cu ildən fəaliyyət göstərir və hazırda burada vafli, keks, biskvit və digər qənnadı məmulatlarının istehsalı həyata keçirilir. Maarifləndirici məlumatların ardınca tələbələr istehsal prosesi ilə əyani olaraq tanış olub, bəzi sadə proseslərin icrasında iştirak ediblər.                                  

Dərsin bu metodla keçirilməsində məqsəd tələbələrin nəzəri biliklərinin təcrübədə müşahidə edilməsi, real iş şəraiti və istehsal prosesi, o cümlədən onun mərhələləri ilə birbaşa tanışlıq və tələbələrdə istehsal prosesinə maraq yaratmaq olub. Belə dərslər tələbələrin əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi formalaşmalarında mühüm əhəmiyyət kəsb edir.