İyunun 9-da Naxçıvan Dövlət Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “3-cü Beynəlxalq Elmi Araşdırmalar və İnnovasiyar konqresi” keçirilib.
Konqres müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və elmi yenilikləri geniş auditoriya ilə paylaşmaq məqsədi daşıyıb. Eyni zamanda konqres gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların elm sahəsində daha da ixtisaslaşmasına şərait yaratmaq mahiyyəti kəsb edib.
Tədbir tədqiqatçılar üçün yalnız bilik və təcrübə mübadiləsi imkanı deyil, həmçinin yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platforma olub. Burada elmi etik prinsiplərə uyğun olaraq hazırlanan məqalə və tezislərin müzakirəsi və təqdimatı həyata keçirilib.
Konqresin açılış tədbirində Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, Naxçıvan Dövlət Universitetinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) Azərbaycan ofisinin rəhbəri Əlvan Cəfərov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura mərkəzinin direktoru Çapay Quliyev məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, konqres 9-11 iyun tarixlərində üz-üzə və onlayn formada bölmə iclasları ilə davam edəcəkdir. Bölmə iclaslarında ümumilikdə 17 ölkədən 600-ə yaxın təqdidqatçı tərəfindən 210 tədqiqat üzrə məruzələr dinləniləcək.