NDU və SOCAR ilə ikitərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlimlər uğurla başa çatıb

2023-cü il 22-23 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində,  SOCAR ilə ikitərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlimlər uğurla başa çatıb.

Təlim proqramı iştirakçılara "Xanımların Şəxsi İnkişafı və İş Həyatı Kursu", "Stressin İdarə Edilməsi", "Effektiv Ünsiyyət Bacarıqları" və "Effektiv Komanda İşi" kimi mühüm mövzularda bilik və bacarıqlar təqdim edib.

Tələbələrlə İş və Tədbirlərin Təşkili Bölməsinin müdiri Hüseyn İmanov qeyd edib ki, təlimlərin məqsədi iştirakçıların şəxsi inkişafını dəstəkləmək və işgüzar həyatlarında effektivliklərini artırmaqdır. Bildirilib ki, təlimlər peşəkar mütəxəssislər tərəfindən həyata keçirilib və iştirakçılar praktiki biliklər əldə edərək, real iş mühitində tətbiq edə biləcəkləri strategiyaları öyrəniblər. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universiteti və SOCAR arasında davamlı əməkdaşlıq, gənclərin inkişafına və peşəkar bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərlə davam edəcək.

SOCAR Akademiyasının İdarəedilməsi Şöbəsinin rəisi Rüfət Quliyev isə təlimlərin əhəmiyyətini qeyd edərək, gələcəkdə bu cür layihələrin keçirilməsinin zəruriliyini vurğulayıb.

Sonda təlimlərdə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.