NDU-nun rektoru Elbrus İsayev 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirib

 

Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öncə imtahanda yüksək nəticə göstərib 600-dən yuxarı bal toplayan abituriyentləri təbrik edib, ali təhsil müəssisəsi və ixtisas seçiminin əhəmiyyətinə diqqət çəkib.

Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan  NDU-nun fəaliyyətindən bəhs edən rektor Universitetdə müasir tədris texnologiyalarının tətbiqi, tələbəyönümlü təhsil sistemi, nüfuzlu ali təhsil müəssisələri ilə imzalanan əməkdaşlıq memorandumları və tələbələr üçün təklif olunan təhsil imkanlarından danışıb. Rektor  eləcə də peşəkar xarici mütəxəssislərin tədris prosesinə cəlbi, ikili diplom layihələri, tələbə-müəllim mobilliyi, beynəlxalq təcrübə proqramları və ingilisdilli ixtisaslardan söz açıb.  Eyni zamanda 2024-2025-ci tədris ilində universitet tərəfindən xüsusi təqaüd proqramı tətbiq edilərək 600-649 arası bal toplayanlara 1 il ərzində 200 manat, 650-dən yüksək bal toplayan tələbələrə isə 1 il ərzində 250 manat təqaüd verildiyi diqqətə çatdırılıb.

Sonda rektor Elbrus İsayev yüksək bal toplayan abituriyentlərə müvəffəqiyyətlər arzulayıb, hədiyyələr təqdim edib və görüşdən xatirə fotosu çəkdirilib.