Ali təhsil ocağının Konservatoriyasının önündə Musiqi kollecinin nağaraçalanlar və sazçalanlar ansamblı musiqi sədaları altında qonaqları salamlayıblar. Fakültənin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.
Naxçıvan Dövlət universitetinin rektoru Elbrus İsayev Türk qardaşlığını əziz tutan, Azərbaycanı öz ölkəsi qədər sevən Əziz Səncəri ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetin belə bir görüşə ev sahibliyi etməkdən xüsusi fəxr hissi duyduğunu bildirərək bu günkü görüşü ali təhsil ocağının tarixində əlamətdar hadisə kimi qiymətləndirib. Bildirilib ki, Əziz Sǝncǝr şǝxsiyyǝti elm sahǝsindǝ Nobel mükafatı alan ilk türk alimi kimi bizim üçün çox ǝzizdir. Elbrus İsayev bildirib ki, Əziz Səncər Qarabağ zəfərini Türkiyə qurtuluş savaşından sonra türk xalqının ikinci böyük qələbəsi kimi dəyərləndirib. Məhz buna görə də Azǝrbaycan Respublikasının Prezidenti İlham Əliyev Vǝtǝn müharibǝsindǝki tarixi qǝlǝbǝdǝn çox keçmǝmiş, dekabrın 2-dǝ dünya şöhrǝtli alimi qǝbul edib, onun Vǝtǝn müharibǝsi zamanı Azǝrbaycanın haqlı mövqeyini şǝxsǝn dǝstǝklǝmǝsini yüksǝk qiymǝtlǝndirib. Dövlǝt başçımızın 2021-ci il 10 sentyabr tarixli Sǝrǝncamı ilǝ Nobel mükafatçısı, görkǝmli alim Əziz Sǝncǝr “Azǝrbaycan Respublikası Prezidentinin fǝxri diplomu” ilǝ tǝltif edilib. Rektor rəhbərlik etdiyi universitetin qardaş Türkiyə universitetləri ilə qurulan əməkdaşlıq əlaqələrindən söz açıb. Vurğulayıb ki, Türkiyənin 80-ə yaxın universitetləri ilə əlaqələrimiz mövcuddur. Elbrus İsayev diqqətə çatdırıb ki, universitetdə 2000-ə yaxın türkiyəli tələbə təhsil alır.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli hər kəsi salamlayaraq bu auditoriyada Nobel mükafatçısı Əziz Səncərlə görüşməkdən duyduğu sevinc hissini ifadə edib. Akademik görüşü Azərbaycan-Türkiyə elmi, mədəni əlaqələrində möhtəşəm hadisə kimi dəyərləndirib. Qeyd edilib ki, Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı olan Əziz Səncər DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır.
1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Əziz Səncər ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İsa Həbibəyli Azərbaycanı öz vətəni kimi sevən Əziz Səncərin ölkəmizə olan sonsuz sevgisindən danışıb.
Əziz Səncər hər kəsi salamlayaraq Azərbaycana olan sonsuz sevgisinin xüsusi bir səbəbi olmadığını qeyd edib. Bildiyim odur ki, Azərbaycanı da öz ölkəm kimi sevirəm-deyə vurğulanıb. "Türk dünyasının birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Səncər 2020-ci il, noyabr ayında Azərbaycan Vətən müharibəsini yaxından izləyib. Alim Vətən savaşında Azərbaycanın qazandığı qələbəni bütün Türk dünyasının zəfəri hesab edib.
Nobel mükafatçısı alim istǝnilǝn uğurun qazanılmasında yalnız zǝhmǝt vǝ fǝdakarlığın durduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, texnologiya nə qədər müasir dövrümüzə nüfuz etsə də, amma insanların təməl elmləri öyrənməsi daha vacibdir. Eyni zamanda bütün elmlərin əsasında insanlıq durmalı, oxuduğun, tətbiq elədiyin elm sahəsi bütün insanlığa faydalı olmalıdır-deyə dəyərli alim öz tövsiyələrini auditoriyaya ünvanlayıb.
Amerika Birləşmiş Ştatlarının Şimali Karolina Universitetinin professoru, Nobel mükafatçısı Əziz Səncər tələbələrin suallarını cavablandırıb.
Elbrus İsayev Əziz Səncərə universitetin professor-müəllim heyəti tərəfindən təşəkkürnamə, Qarabağ zəfəri ilə bağlı hazırlanmış medalyon, ağac üzərində çəkilmiş rəsm əsərini təqdim edib. Əziz Səncər Universitet Elmi Şurasının təsdiq etdiyi etdiyi Nobel mükafatçısı Əziz Səncər adına Tələbə Təqaüdünü Tibb fakültəsi üzrə III kurs tələbəsi Nəzrin Həsənovaya təqdim edib.
Qeyd edək ki, Türkiyǝnin Naxçıvandakı Baş konsulu Asip Kaya da görüşdə iştirak edib.