Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Femida Könüllüləri Təşkilatının Naxçıvan nümayəndiliyinin könüllüləri ilə “Legal Meetup” platforması çərçivəsində görüş keçirib.
“Legal Meetup” layihəsinin məqsədi hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşlərin təşkili, könüllülərin nəzəri biliklərlə yanaşı, praktiki məlumatlıq səviyyəsinin də artırılmasından ibarətdir.
Görüş zamanı Ombudsman təsisatın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Müvəkkil cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyini, bununla əlaqədar Ombudsman tərəfindən insan hüquqlarına dair müxtəlif aktual mövzulara həsr edilmiş tədbirlərin təşkil olunduğunu qeyd edib.
Ölkəmizdə gənclərin inkişafı və könüllülük fəaliyyətinə mühüm yer verildiyini bildirən Ombudsman gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında təşkil olunmuş könüllülük proqramı barədə məlumat verib.
Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.