NDU-da “TələbəPlus” kartlarının təqdimatı olub

Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq tələbələrə “TələbəPlus” kartları təqdim olunub. Tədbir Magistratura və Doktorantura Mərkəzində keçirilib, universitet rəhbərliyi, maliyyə şöbəsi, müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.

NDU-nun rektoru Elbrus İsayev rəqəmsallaşmanın ali təhsildəki əhəmiyyətindən danışaraq, müasir texnologiyaların tədris prosesinə inteqrasiyasının vacibliyini vurğulayıb. Universitetin innovativ həlləri tətbiq edərək tələbələrin akademik və sosial həyatını daha rahat və effektiv təşkil etməyə çalışdığını qeyd edib. Rektor diqqətə çatdırıb ki, bu istiqamətdə həyata keçirilən ən son təşəbbüslərdən biri də “TələbəPlus” kartıdır. Hansı ki, yaxın gələcəkdə universitetdə FaceID sistemi tətbiq ediləcək və tələbələr bu kart vasitəsilə fakültələrinə daxil ola biləcəklər. Elbrus İsayev bu yeniliyin həm təhlükəsizlik sisteminin gücləndirilməsinə, həm də giriş-çıxış prosesinin daha səmərəli idarə olunmasına imkan yaradacağını bildirib.

NDU-nun İqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı “TələbəPlus” layihəsinin üstünlüklərindən danışıb. Layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa”nın dəstəyi ilə reallaşdırılıb və tələbələrə bir çox imtiyazlar qazandırdığına diqqət çəkib. Rektor müşaviri bildirib ki, layihə çərçivəsində kart sahibləri təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sahələrdə müxtəlif güzəştlərdən yararlana biləcəklər. Bununla bağlı bir sıra tərəfdaş qurumlarla danışıqlar aparılıb. Xüsusilə, “Naxçıvan Dövlət Universiteti Xəstəxanası” publik hüquqi şəxsi və CinemaPlus ilə əldə olunan razılaşmalar nəticəsində tələbələr bu kart vasitəsilə həmin müəssisələrin xidmətlərindən endirimli şərtlərlə istifadə imkanları olacaq.

Tədbirin sonunda rektor akademik nailiyyətləri yüksək olan tələbələrə “TələbəPlus” kartları və hədiyyələr təqdim edib.