Ali təhsil ocağında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bilik piramidası” yarışmasının qalibləri mükafatlandırılıb. 23-27 fevral tarixlərində keçirilən bilik yarışmasının yekun tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Ümummilli lider Heydər Əliyev -100” adlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində universitetimizdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə hazırlanmış müsabiqəni yüksək qiymətləndirib. Bildirilib ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub. Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolunda olan, öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli bir dövlətdir. Rektor qeyd edib ki, Ulu öndər Heydər Əliyev bir neçə dəfə Naxçıvan Dövlət Universitetində olub, universitetin statusunda və inkişafında dahi şəxsiyyət ümummilli liderin əvəzsiz rolu olub.
Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov bildirib ki, layihə ümumilli lider Heydər Əliyevin həyat və yaradıclığının, Azərbaycanın zəngin milli və mənəvi dəyərlərinin, birinci Qarabağ müharibəsi və Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlığının təbliği məqsədini daşıyır.