Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərə dair tədbir keçirilib. Universitetdə müvafiq proqramın icrası istiqamətində görüləcək işlərlə bağlı keçirilən müzakirədə çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamını diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 14 dekabr 2022-ci il tarixli əmrinin icrası üçün artıq ali təhsil ocağında müvafiq sahələr üzrə Tədbirlər Planı təsdiq olunub. Rektor bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”, – dövlət başçısının bu fikirlərini diqqətə çatdıran rektor vurğulayıb ki, ümummilli liderin əsasını qoyduğu Naxçıvan Dövlət Universitetində keçirilən yubiley tədbirləri öz möhtəşəmliyi ilə yadda qalmalıdır. Elbrus İsayev təsdiq olunmuş Tədbirlər Planını müvafiq icraçı struktur bölmələrə və qurumlara təqdim edib. Bu istiqamətdə təklif və mülahizələr dəyərləndirilib. Rektor keçiriləcək konfransları, müsabiqə və sərgiləri, mədəni tədbirləri, müxtəlif ideyalarla zəngin layihələri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, tibbi forumlar, təhsil sahəsində keçiriləcək simpozium və konfranslar, konsertlər, bədii-yaradıcılıq müsabiqə festivalları, ədəbi-bədii kompozisiyalar, flaşmoblar, intellektual oyunlar, poeziya günləri, müxtəlif idman yarışlarının təşkili universitetdə bu istiqamətdə keçiriləcək tədbirlər sırasındadır. Vurğulanıb ki, universitet əməkdaşları tərəfindən Ulu öndərin irsinə həsr olunmuş kitab və monoqrafiyalar, Elmi əsərlər jurnalının xüsusi buraxılışı nəşr olunmalı, professor-müəllim heyəti müxtəlif KİV nümunələrində ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən məqalələrlə çıxış etməli, universitetin saytında, monitorlarda müvafiq posterlərin yerləşdirilməsi təmin edilməlidir. Universitet televiziyasının efirində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif sahələrini özündə əks etdirən verilişlərin təqdim edilməsi, “Yeni fikir” qəzetinin xüsusi nömrəsinin işıq üzü görməsi, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” sənədli filminin hazırlanması media əməkdaşlarının qarşısında bir tələb kimi irəli sürülüb.