Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Tibb Universitetində Tibb Festivalının açılışında İştirak edib

Mayın 6-da Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tibb Festivalının açılış mərasimi keçirilib. Türkiyə, Özbəkistan və Belarusdan gəlmiş alimlərin, tibb ictimaiyyəti nümayəndələrinin də qatıldığı festival aktual elmi mövzuların müzakirəsinə həsr edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün və ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhid həkimlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Tibb Festivalının sərgi və startap guşəsinə baxıblar.

Mərasimdə açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 95 il öncə ali məktəbin yaradılmasını ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirdiyini bildirib.

Çıxışının sonunda rektor G.Gəraybəyli yubiley münasibətilə hər kəsi təbrik edib, festival iştirakçılarına məhsuldar müzakirələr, elmi nailiyyətlər arzulayıb.

Sonra ATU-nun tarixi inkişaf yolundan və bu günündən bəhs edən “95 ilin işığında” film nümayiş olunub.

Tibb Festivalının açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev iştirak edib.

Rektor Elbrus İsayev təbrik nitqi ilə çıxış edib. Bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında uzun illərdir davam edən əməkdaşlıq əlaqələri var. Hər iki universitet arasında birgə fəaliyyət rəsmi əməkdaşlıq müqaviləsi ilə möhkəmlənib və bu gün ortaq işbirliyimiz davam edir. Rektor festivalda iştirak etməkdən məmnunluq ifadə edib və universitet tələbələrinin əl işlərindən ibarət Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın fotosunun əks olunduğu rəsm əsərini  xatirə olaraq Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə təqdim edib, konqresin işinə uğurlar arzulayıb.

Eyni zamanda Türkiyənin Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Kəmaləddin Aydın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, Belarus Dövlət Tibb Universitetinin rektoru Sergey Rubnikoviç və Buxara Dövlət Tibb Universitetinin rektoru, professor Şöhrət Taşayev də festivalda iştirak edib təbrik nitqi ilə çıxış ediblər.

Qeyd edək ki, növbəti günlərdə Tibb Festivalı öz işini paralel panel sessiyalarla davam etdirəcək. Bir neçə məkanda baş tutacaq sessiyalarda daxili xəstəliklər, radiologiya, nevrologiya, klinik mikrobiologiya, pediatriya, epidemiologiya və cərrahiyyə sahəsində yeniliklərə, müasir çağırışlara həsr olunmuş təqdimatlar keçiriləcək, elmi müzakirələr aparılacaq.

Festival çərçivəsində “ATUREK 13” konfransı və ATU Tələbə Elmi Cəmiyyətinin yekun konfransı da baş tutacaq.

Tibb Festivalına mayın 8-də geniş konsert proqramı ilə yekun vurulacaq.