YAP Universitet şəhərciyi ərazi partiya təşkilatının hesabat-seçki konfransı keçirilib

Konfransı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətin aparıcı siyasi gücü olaraq çıxış edir. Rektor qeyd edib ki, partiyanın strateji xətti, milli maraqlara əsaslanan fəaliyyəti və dövlətçilik ideologiyası ali təhsil müəssisələri üçün də mühüm istiqamətverici, rəhbər funksiyasını daşıyır. Prezident İlham Əliyevin öndərliyi ilə aparılan uğurlu dövlət siyasətinin əsas prioritetlərindən biri gənclərin milli ruhda və ideoloji baxımdan sağlam formalaşdırılması Universitet şəhərciyi ərazi partiya təşkilatının siyasi maarifləndirmə fəaliyyətinin əsas prinsiplərindən biri olaraq daim diqqətdə saxlanılır. 

 YAP Universitet şəhərciyi ərazi partiya təşkilatının sədr müavini Zamin Əliyev hesabatla çıxış edərək, ötən dövr ərzində partiya xətti ilə universitet daxilində və digər yerli təşkilatlarla birgə görülən fəaliyyətlərdən bəhs edib. Zamin Əliyevin hesabatı konfrans iştirakçıları tərəfindən səsə qoyularaq qəbul edilib.

Tədbirdə təşkilatın sədr vəzifəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan əvəzi, dosent Bəhruz Məmmədovun namizədliyi irəli sürülüb. Elmi-pedaqoji və ictimai fəaliyyəti nəzərə alınaraq namizəd yekdilliklə sədr seçilib.

Sədr müavini vəzifəsinə isə universitetin Azərbaycan tarixi kafedrasının baş müəllimi Zamin Əliyev təklif olunub və səsvermə ilə təsdiqlənib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxış edərək partiyanın gənclərin milli ideologiya əsasında yetişdirilməsinə və təhsil mühitində ideoloji işin gücləndirilməsinə önəm verdiyini bildirib. Bu baxımdan ali təhsil müəssisəsində fəaliyyət göstərən ərazi partiya təşkilatı bu ideologiyanın gənclər arasında təbliğində mühüm rol oynadığını qeyd edib. Yeni rəhbərliyin bu istiqamətdə fəaliyyəti davam etdirəcəyinə əminlik ifadə olunub.

Konfransın sonunda yeni sədr Bəhruz Məmmədov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib.