Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev vurğulayıb ki, Azərbaycan Ordusunun qələbə əzmini dünyaya göstərən Aprel döyüşləri hərb tariximizə qızıl hərflərlə yazıldı. “Parlaq tarixi qələbələrimizdən olan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi” deyə çıxışda bildirilib.
Sonra Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun moderatorluğu ilə panel görüşə start verilib. Görüşdə Naxçıvan Qaziləri İB-nin üzvü olan Vətən Müharibəsi qaziləri və Aprel döyüşləri qazisi iştirak edib. Qazilər keçdikləri döyüş yolu, şanlı ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdikləri böyük şücaət haqqında tələbələrə məlumat veriblər.
Daha sonra Tələbə Gənclər Təşkilatının yeni yaradılmış Vətənpərvərlik Tələbə Klubunun təqdimatı keçirilib, tələbələr klubun fəaliyyət istiqaməti barədə məlumatlandırılıb.