2023-2024-cü tədris ilində 1201 tələbə elmi-tədqiqat işi ilə məşğul olub

Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan başlanğıc konfransı keçirilib.

Konfransda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. TEC-in əsas məqsədi alitəhsilli mütəxəssislərin hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi-texniki potensialının qorunub saxlanılması, magistr və bakalavrların elmi-tədqiqat fəaliyyətini müasir şəraitə uyğun təşkil etməkdir.  Ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışan rektor Tələbə Elmi Cəmiyyəti üzvlərinin fəallığını, tələbələrin elmi işlərə həvəslə qoşulmasını yüksək qiymətləndirib. Elbrus İsayev konfransın işinə uğurlar arzulayıb.

Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov bildirib ki, Tələbə Elmi Cəmiyyətinin prioritet məqsədlərindən biri tələbələrdə elmə marağın artırılması, araşdırma bacarıqlarının formalaşdırılmasıdır. Vurğulanıb ki, tələbələr də müəllimlər kimi yüksək nüfuzlu jurnallarda elmi məqalə nəşr etdirir, elmi-tədqiqatla məşğul olur, hətta kitab belə çap etdirirlər. Prorektor öz çıxışında diqqətə çatdırıb ki, universitetdə professor-müəllim heyətinin qiymətləndirilməsi, onlara çap etdirdikləri məqalələrə görə pul ödənməsi məsələləri eyni zamanda tələbələrə şamil edilir. Buna görə də onlar yaradılan bu imkandan istifadə edərək öz bacarıqlarını ortaya qoyurlar.

          TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə danışan Tələbə-Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bildirib ki, hər il olduğu kimi, cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri və heyəti tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, bu tədris ilində 469 müəllimin rəhbərliyi ilə 1201 tələbə elmi-tədqiqat işi ilə məşğul olub.  Vurğulanıb ki, tədqiqatlarda ən çox Naxçıvan Muxtar Respublikasının tarixi, coğrafiyası, təbiəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında mövzulara üstünlük verilib. Cari tədris ilində isə əsas tədqiqat mövzuları Naxçıvan Muxtar Respublikasının 100 illiyi və ölkəmizdə Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunub.  Təbrizə Bağırova tələbələrin elmi-tədqiqatla məşğul olmalarında say dinamikasını illər üzrə müqayisə edib. Hər il artan faiz nisbətiylə qeyd olunan rəqəmlər cədvəl şəklində izah edilib.  Vurğulanıb ki, Tələbə Elmi Cəmiyyətinin tərkibində Magistratura şurası, Karyera və İnkişaf mərkəzi, Şəxsi İnkişaf Klubu və 4 xarici dildə danışıq klubları fəaliyyət göstərir.

Tələbə Elmi Cəmiyyətinin sıralarında könüllülərin də yer aldığını qeyd edən TEC sədri  konfransların və  müxtəlif tədbirlərin təşkilində onların aktiv iştirakını diqqətə çatdırıb.

Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Aytən Həsənli, Energetika mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Zaur Gülmalıyev, Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə III kurs tələbəsi Leyla Rüstəmlinin çıxışları dinlənilib.