Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Tarix-filologiya fakültəsinin professor-müəllim heyəti, eləcə də “Tarix” və “Tarix müəllimi” ixtisasında təhsil alan tələbələr Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan ərazisində aparılan son arxeoloji tədqiqatlarla tanış olublar.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov bildirib ki, gənc tədqiqatçılar üçün belə səfərlərin təşkili vacibdir və əsas məqsəd tələbələrin arxeologiya elminin nəzəri bilgilərini tədqiqat yerində praktiki olaraq artırmaqdır. Vurğulanıb ki, tələbələrin yay mövsümü ərzində ekspedisiya işlərinə cəlb olunması planlaşdırılır, gələcəkdə isə Universitetin nəzdində müstəqil arxeoloji ekspedisiyanın yaradılması nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası tərəfindən tələbələrə və professor-müəllim heyətinə ərazidə aparılan son arxeoloji tədqiqatlar və əldə olunan tapıntılar barədə ətraflı məlumat verilib. AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri Bəhlul İbrahimli bildirib ki, bu kompleks Azərbaycanın zəngin şəhərsalma və mədəni irsini öyrənmək baxımından mühüm önəm daşıyır. Çünki, burada aparılan tədqiqatların ən mühüm nəticələrindən biri kimi, Naxçıvanın ilkin orta əsrlər dövrü tarixinə aid tapıntıları aşkar olunub. Eyni zamanda Bəhlul İbrahimli qeyd edib ki, NDU-nun akademik heyətinin və tələbələrinin səfəri təqdirəlayiq təşəbbüsdür. İrəlidə Xaraba Gilan arxeoloji ekspedisiyası ilə universitetin birgə “Arxeoloqların yay məktəbi” layihəsi planlaşdırılır. “Bu layihə gələcəkdə də Arxeologiya və Antropologiya İnstitutu ilə NDU arasında əlaqələrin genişlənməsinə, həm elm sahəsində, həm də çöl tədqiqatlarında birgə fəaliyyətə başlanğınc olar” –deyə əlavə edib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Toğrul Xəlilov bildirib ki, abidənin baş qala qapısı, içəri şəhər hissəsinə və Narınqalaya aparan yollar müəyyən edilib. Bu tapıntılar Azərbaycanın qədim şəhərsalma ənənələrinin daha dərindən öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir və tələbələrin bu tədqiqatlara maraq göstərməsi olduqca önəmlidir.
Qeyd edək ki, Xaraba Gilan ərazisində hazırda ikinci memorial kompleksdə qazıntı işləri aparılır.