“Bankların prudensial idarəetməsi” adlı təlim keçirilib

Mərkəzi Bankının Naxçıvan MR İdarəsi, Naxçıvan Dövlət Universiteti və “Beynəlxalq Konsaltinq Şirkəti”nin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində “Bankların prudensial idarəetməsi” adlı təlim keçirilib.

Tədbiri giriş sözü ilə Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev açaraq bu tip silsilə tədbirlərin keçirilməsinin tələbələr üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, xüsusilə maliyyə və bank ixtisasları üzrə təhsil alan tələbələrin gələcək karyera seçimlərinə, həmçinin nəzəri biliklərinin gücləndirilməsinə xüsusi töhfə verdiyini bildirib.

Daha sonra, Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev tədbirin əhəmiyyətinə toxunaraq cəmiyyətin, xüsusilə də gənc nəslin arasında bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda yenilikçi bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu bildirib.

Tədbirdə online şəkildə iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Şahin Mahmudzadə tələbləri salamlayaraq, qarşılıqlı əməkdaşlıq çərçivəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini və regionda əhalinin bank savadlılığının artırılması istiqamətində maarifləndirici seminar və tədbirlərin keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirib.

Daha sonra Beynəlxalq Konsaltinq Şirkətinin təsisçisi və direktoru, Odlar Yurdu Universitetinin dosenti, təlimçi Ramin Bayramov  mövzusunda tələbələr üçün “Bankların prudensial idarəetməsi” təlim keçib. Yekunda tələbələri mövzu ilə əlaqədar maraqlandıran sualları cavablandırılıb.