Tədbirdən öncə pedoqoji təcrübədə olan tələbələrin sınaq dərsləri zamanı istifadə etdikləri əyani vəsaitlər və şagirdlərlə birgə qrup işlərində hazırladıqları təqdimatlardan ibarət sərgiyə baxış olub.
Konfrans 2024-2025-ci tədris ilinə aid təcrübələrdən hazırlanan videoçarxın nümayişi ilə başlanıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın öz tərkibi ilə xüsusi mahiyyət daşıdığını, sadəcə təcrübələrin yekunu deyil, eyni zamanda məzunların buraxılış tədbiri kimi əhəmiyyətli olduğunu vurğulayıb. Rektor pedaqoji və istehsalat təcrübələrini universitet həyatında iki mühüm hadisə adlandırıb, ixtisaslı kadrların hazırlanmasının nəzəri və praktik aspektlərindən bəhs edib.
Elbrus İsayev qeyd edib ki, universitetdə məzunların əmək bazarında bilik və bacarıqlarına uyğun layiqli yer tutmaları hər zaman diqqətdədir və bu istiqamətdə bu il olduğu kimi, gələcəkdə də universitet-hökümət-sənaye işbirliyi əməkdaşlığının genişləndirilməsi planlaşdırılır. Rektor: “Ali təhsil ocağı olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında faydalı əməkdaşlıqda maraqlıyıq və bu il təşkil olunan II Karyera sərgisi məzunların ixtisasına uyğun işlə təminatını asanlaşdırmaq baxımından əhəmiyyətli platforma oldu. Zəngin kadr potensialımız var. Hətta bu il elə ixtisaslarımız var ki, məzunların 50-60% -i magistratura pilləsinə qəbul olub, bu keyfiyyətli təhsilə əsaslanan önəmli göstəricidir” – deyə qeyd edib. Elbrus İsayev tədris və təcrübə prosesində Universitetin Strateji inkişaf və Keyfiyyət təminatı şöbəsi tərəfindən davamlı monitorinqlər aparıldığını, bütün bunların keyfiyyəti daha da artırmaq məqsədli olduğunu qeyd edib. Rektor məzunları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidova 2024-2025-ci tədris ilinə aid təcrübələrin yekun hesabatı barədə məlumat verib. Vurğulanıb ki, bu tədris ilinin II yarısında universitet üzrə təcrübədə 1 544 nəfər tələbənin iştirakı qeydə alınıb. Onlardan 443 tələbə pedoqoji, 1 101 tələbə isə istehsalat təcrübələrində olub. 1 284 tələbə əyani, 191 tələbə qiyabi, 69 tələbə isə əlavə və alt qrup olmaqla təcrübələrdə iştirak ediblər.
Tələbələrin istehsalat təcrübəsi 44 müəssisə və təşkilatda təşkil olunub. 10 fakültədən 54 fərqli ixtisaslar üzrə 1 101 nəfər tələbə təcrübələrdə iştirak edib. Təcrübələrin müddəti müxtəlif ixtisaslarda 4, 5, 14 və 20 həftəlik olub. İstehsalat təcrübələrinə ümumilikdə 112 təcrübə rəhbəri təyin olunub.
Pedoqoji təcrübələrdə 6 fakültədən, 18 ixtisas üzrə 443 nəfər tələbə, 15 ümumtəhsil müəssisəsində pedoqoji təcrübə keçib. Təcrübə müddəti 20 həftə olub. Pedoqoji təcrübələrə ümumilikdə 107 təcrübə rəhbəri, 25 pedoqoq və psixoloq, 15 məktəb üzrə təcrübə rəhbəri təyin olunub. Bu dövr ərzində tələbələr 14 sınaq dərsi aparıb və 84 tərbiyəvi tədbirlər təşkil ediblər.
Eyni zamanda tələbələrə Naxçıvan MR-dən kənarda da təcrübə imkanı yaradılıb. 2024-2025-ci tədris ilinin I yarısında “Baytarlıq təbabəti” ixtisası üzrə 3 tələbə Türkiyə Respublikasının Qars Qafqaz Universitetində təcrübədə olublar. Həmin tədris ilinin II yarısında isə 3 fakültə üzrə 20 tələbə Türkiyə Respublikasının Qaradəniz Texnik Universitetində, Qars Qafqaz Universitetində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda, Azərbaycan Respublikası Gömrük Komitəsində, Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkillikdə, Şəms Tərcümə Mərkəzində təcrübə dövrü keçiblər.
Təcrübələr 04 iyul 2025-ci il tarixdən tamamlanıb. Yekunda unuversitet üzrə təcrübələrdən keçməyən tələbələrin sayı 16 nəfər olub.
Aynurə Seyidova ali təhsil ocağında təcrübə dövründə olan yenilikləri də diqqətə çatdırıb. Qeyd edilib ki, ilk dəfə olaraq 2024-2025-ci tədris ilində 5 ixtisas üzrə 39 tələbə Naxçıvan MR Ali Məclisində təcrübəyə cəlb olunublar. Eləcə də universitetdə ilk dəfə pedaqoji profilli ixtisaslarda, həmçinin Kompüter mühəndisliyi, Tarix, Filologiya, Dinşünaslıq ixtisaslarında davamiyyət üçün elektron yoxlama sistemi tətbiq edilib.
Daha sonra 2024-2025-ci tədris ilinə aid təcrübələrə dair fakültə dekanlarının hesabatları dinlənilib.
Sonda təcrübə dövründə fərqlənən tələbələr mükafatlandırılıb.