Azərbaycan Respublikası Hesablama Palatasının təşkil etdiyi “Dövlət sektorunda audit” peşəkar təlim proqramlarını uğurla başa vuran iki gənc mütəxəssis Naxçıvan Dövlət Universitetinin Maliyyə şöbəsində işlə təmin olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru, Elbrus İsayev yeni işə qəbul edilən əməkdaşlarla görüşərək onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, həyata keçirilən kadr islahatları çərçivəsində peşəkar mühasib və maliyyə mütəxəssislərinə böyük ehtiyac var. Bu baxımdan, gənclərin belə nüfuzlu və müasir təlim proqramlarında iştirak etməsi həm onların şəxsi inkişafına, həm də universitetin maliyyə idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.
Yeni işə başlayan gənc mütəxəssislər göstərilən etimada görə təşəkkürlərini bildirərək, universitetin maliyyə fəaliyyətində şəffaflıq, dəqiqlik və müasir yanaşmaların tətbiqi üçün səylə çalışacaqlarını vurğulayıblar.