Konfransda universitetin şöbə və fakültə rəhbərləri, əməkdaşlar, müəllim və tələbə heyəti iştirak edib. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov çıxış edərək prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək ötən il ölkəmizdə, muxtar respublikada, eləcə də Naxçıvan Dövlət Universitetində silsilə tədbirlərin təşkil olunduğunu qeyd edib. 1920-ci illərdə regionda mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətə, muxtariyyətə gedən yolda Moskva və Qars müqavilələrinin tarixi əhəmiyyətinə, 1990-1993-cü illərdə Ulu öndər Heydər Əliyevin gərgin siyasi mübarizəsi və qətiyyəti nəticəsində Naxçıvanı erməni işğalından, muxtariyyəti isə ləğv olunmaq təhlükəsindən xilas olmasına diqqət çəkib.
İnsan resursları və hüquq şöbəsinin müdiri Əziz Qasımov Naxçıvanın ölkəmizin zəngin dövlətçilik tarixində öz misilsiz yeri olduğunu bildirib, muxtariyyətin tarixi rolunu Ulu öndər Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi hadisədir, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsidir” fikirləri ilə vurğulayıb.
Muxtariyyətin qazanılması yolunda naxçıvanlıların, ziyalıların, xüsusilə Behbud ağa Şahtaxtinskinin uzaqgörən siyasətindən danışan Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Emin Şıxəliyev Moskva və Qars müqavilələrini Naxçıvanın taleyi ilə bağlı əvəzolunmaz sənədlər adlanıdırıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın strateji-coğrafi əhəmiyyətinin Zəngəzur dəhlizinin açılması perspektivində yenidən dünyanın gündəmində olduğunu söyləyib.
Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə də çıxışında Naxçıvanın tarixən çətin hərbi-siyasi mübarizələrin qaynar nöqtəsi olmasını, muxtariyyətin qazanılmasında və qorunub saxlanılmasında tarixi, hərbi-siyasi və diplomatik proseslərin taleyüklü əhəmiyyət daşıdığını vurğulayıb.
Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin akt zalında keçirilən konfransda sonda ötən il universitetdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən hazırlanan videoçarx izlənilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 101 – ci ildönümü ilə bağlı universitetin Elmi Kitabxanasında sərgi də hazırlanılıb. “Naxçıvan tarixi atlası”, “Böyük İpək yolu və Naxçıvan”, “Naxçıvan ziyalıları, elm-sənət fədailəri”, “Naxçıvan-Azərbaycanın tarixi diyarıdır”, “Naxçıvan əhalisinin etnogenezi tarixindən” və digər nəşrlər sərgidə yer alıb. Qeyd edək ki, ədəbiyyatların əksəriyyətinin müəllifi məhz Naxçıvan Dövlət Universitetinin əməkdaşlarıdır.