Naxçıvan Dövlət Universitetində “Akademik yazı qaydaları, elmi tədqiqat metodları və beynəlxalq elmi platformalardan informasiya mənbəyi kimi istifadə imkanları” mövzusunda təlim keçirilib

NDU Magistratura və doktorantura mərkəzi və Texnoloji transfer və innovasiyalar bölməsinin birgə təşkil etdiyi təlimin hədəf auditoriyası magistrant, doktorant və gənc tədqiqatçılar olub. Auditoriyanın tədqiqat apara bilmə bacarıqlarının təkmilləşdirilməsini qarşıya məqsəd qoyan təlim üç gün müdətində davam edib. Texnoloji transfer və innovasiyalar bölməsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnarə Allahverdiyevanın apardığı təlimin ilk günündə akademik yazı qaydaları, elmi məqalələrdə IMRAD strukturunun formalaşdırılması və nüfuzlu, beynəlxalq indeksli jurnalların elmi əsərlər üçün irəli sürdüyü bir sıra tələblər təlim iştirakçılarının diqqətinə çatdırılıb. Təlimin gedişatında elmi tədqiqat əsərlərinin əsas sütunlarından birini təşkil edən elmi metodlar barədə məlumat verilib, nümunələr təqdim olunub. Universitetin professor müəllim heyətinin də qatıldığı təlimdə elmi biliyin əldə edilməsi prosesində tətbiq olunan empirik və nəzəri tədqiqat metodlarının müxtəlif aspektdən təsnifatı, onlardan yararlanma mexanizmi və bu təsnifatı əsaslandıran elmi yanaşmalar müzakirə edilib. Təlimin sonunda tədqiqat əsərinin doğru ünvanda nəşrini təmin etmək məqsədilə beynəlxalq elmi platformaların strukturu və istifadə imkanları barədə interaktiv görüş keçirilib.

Təlim müddətində iştirakçıların sualları cavablandırılıb.