Naxçıvan Dövlət Universitetində “Diş-çənə anomaliyalarının diaqnostika və müalicəsində müasir üsullar” adlı elmi-praktik konfrans keçirilib

Muxtariyyətin 100-cü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində “Diş-çənə anomaliyalarının diaqnostika və müalicəsində müasir üsullar” adlı elmi-praktik konfrans keçirilib.

Konfransdan öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qonaqlara görkəmli dövlət xadiminin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar ali təhsil ocağının Tibb fakültəsində olub, fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əc­zaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki labora­toriyaları ilə də tanış olublar.

Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tibb elminə dair konfransların, simpoziumların keçirilməsinin  universitetdə bir ənənənə halı aldığını qeyd edib. Ali təhsil ocağının müasir təlim-tədris imkanlarından danışan rektor dövlətimizin xüsusi diqqət və qayğısı ilə 25 il bundan öncə yaradılan Tibb fakültəsində müasir şəraitdən danışıb. Bildirilib ki, nəzəri biliklərin təcrübədə tətbiqi, tanınmış cərrahlarla görüşlər, ustad dərslərin təşkil edilməsi,  tibb elminin yeniliklərinə dair konfrans, simpozium, seminarların təşkili tələbələrin gələcəkdə savadlı kadr kimi formalaşmasına geniş imkanlar açır. Nəticədə, fakültə məzunları ölkəmizin, eləcə də muxtar respublikamızın səhiyyə sisteminə layiqli töhfələr verirlər.

Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov qeyd edib ki, hazırda respublikamızda tibb təhsili sahəsində gedən uğurlu inkişaf danılmaz bir həqiqətdir. Bu uğurlu təhsili respublikamızda həyata keçirən Tibb universitetləri ilə bərabər Naxçıvan Dövlət Universitetinin də böyük nüfuzu vardır. Universitetin hazırladığı tibbi kadrlar indi yeni böyük tələbə ordusuna tibb təhsili verir və müasir tibbi kadrların hazırlanması yolunda böyük xidmətlər göstərirlər. Savadlı gənc kadrların hazırlanmasında ölkə rəhbərinin və dövlətimizin böyük qayğı göstərməsi mühüm rol oynayır.