Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev buraxılış imtahanında maksimum nəticə göstərən şagirdi qəbul edib

27 aprel 2025-ci il tarixində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında maksimum — 300 bal toplayan Naxçıvan Dövlət Universiteti nəzdində Gimnaziyanın şagirdi Rüqayyə Hüseynli Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev tərəfindən qəbul olunub.

Rektor Rüqayyə Hüseynlini yüksək nəticə münasibətilə təbrik edərək, onun bu uğurunun təkcə fərdi nailiyyət olmadığını, eyni zamanda ölkəmizin təhsil sisteminin inkişaf göstəricisi olduğunu vurğulayıb. O qeyd edib ki, belə uğurlu gənclər Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq, universitetlər üçün də böyük potensiala malik kadr bazasının formalaşmasına töhfə verəcəkdir.

Görüş zamanı Rüqayyə Hüseynli göstərilən diqqətə və səmimi qəbula görə minnətdarlığını bildirib, bundan sonra da təhsil sahəsində yüksək nailiyyətlər əldə etmək, Vətənə layiqli gənc kimi yetişmək üçün əzmlə çalışacağını vurğulayıb.