NDU-nun və İKSAD-ın birgə təşkilatçılığı ilə konqres keçirilib

Naxçıvan Dövlət Universitetinin və İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş 4-cü Beynəlxalq Avrasiya Elmi Tədqiqat və İnnovasiya və 12-ci Beynəlxalq Yeni Dünya Kommunikasiya Konqresi keçirilib. 

Konqres NDU-nun Elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov çıxış edərək bildirib ki, ilk olaraq Türkiyədə və Özbəkistanda  keçirilən bu konqreslərin davamı kimi bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilir. Elsevər Əsədov qeyd edib ki, konfransın proqramı olduqca zəngindir. “Konqresə təqdim olunan məruzə və çıxışların qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə əminəm” deyə çıxışda qeyd edilib.

İKSAD-ın Akademik Təlimlər şöbəsinin müdiri Hasan Çiftçi çıxışında Naxçıvan Dövlət Universitetində təşkil olunan və təməli Türkiyənin Adana şəhərində qoyulan konfransa dəvət olunduğu üçün minnətdarlığını bildirib.

Sonra universitetin Texnoloji transfer və innovasiyalar bölməsinin müdiri Elnarə Abdullayeva, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru Əlvan Cəfərovanın çıxışları dinlənilib.

Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.