NDU-da “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu”, “Babək rayonunun tarixi” kitablarının təqdimatı olub

Naxçıvan Dövlət Universitetində AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, universitetin fəxri məzunu və məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin müəllifi olduğu “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu” monoqrafiyanın və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevlə həmmüəllifi olduğu “Babək rayonunun tarixi” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə universitetin rektoru Elbrus İsayev təqdim olunan kitabların Naxçıvanın tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbə olduğunu bildirib. Rektor vurğulayıb ki, uzun illər elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan professor Hacıfəxrəddin Səfərlinin araşdırmaları yeni nəsil tədqiqatçılar və tələbələr üçün dəyərli istiqamətdir.

Elbrus İsayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad şəhəri ölkəmizin qədim mədəniyyət mərkəzlərindən biridir. Bu istiqamətdə Prezident İlham Əliyevin “Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncamı Naxçıvanın zəngin tarixi irsinin qorunması və tədqiqində xüsusi əhəmiyyət daşıyır. Rektor bildirib ki, sözügedən kitablar məhz bu Sərəncamın işığında elmi müstəvidə təqdim olanan dəyərli mənbələrdir.

Tədbirdə Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov, “Azərbaycan tarixi” kafedrasının müdiri Xəzər Hüseynov və fakültənin dekan müavini Qadir Əkbərov çıxış edərək kitabların elmi əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu kitabında 15 mövzu üzrə məscidlər, mədrəsələr, qəbiristanlıqlar, kəhrizlər və digər abidələr haqqında geniş məlumatlar təqdim edilir. “Babək rayonunun tarixi” kitabında isə rayonun yaradılması, sosial-iqtisadi və mədəni inkişafı, təhsil və mədəniyyət sahələri üç fəsil və 16 mövzu üzrə sistemli şəkildə təhlil olunur.

Müəllif Hacıfəxrəddin Səfərli çıxış edərək universitetdə alimlərə və elmi fəaliyyətə göstərilən daimi diqqətə görə minnətdarlıq edib. Bu günə qədər universitetin Elmi Kitabxanasına 700 adda kitab hədiyyə etdiyini vurğulayıb və   professor əlavə olaraq iki yeni kitabı da Elmi Kitabxanaya hədiyyə edib.

Qeyd edək ki, Hacıfəxrəddin Səfərli 600-dən çox elmi əsərin, 50-yə yaxın monoqrafiya, dərslik və metodik vəsaitin müəllifidir.

 

Fəxriyyə Səyyadova

Media və ictimaiyyətlə əlaqələr şöbəsi