Hüquq bölməsi

Naxçıvan Dövlət Universitetinin Hüquq bölməsi Naxçıvan Dövlət Universitetinin struktur bölməsi olmaqla bilavasitə Universitetin rektoruna tabedir.

Bölmə Universitetin Elmi Şurasının qərarı ilə yaradılır və ləğv edilir.

Bölmə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Universitetin Nizamnaməsini, digər qanunvericilik aktlarını, Universitetin rektorunun əmr və sərəncamlarını, Universitetin Elmi Şurasının qərarlarını və Əsasnaməsini rəhbər tutur.

Bölmə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

1. Universitetin fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ-hüquqi bazanı hazırlayır və tətbiq edir;

2. Universitetin rəhbərliyinin təsdiqinə təqdim olunan əmrlərin, təlimatların, əsasnamələrin, nizamnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır;

3. Məhkəmələrdə Universitetin hüquq və qanuni mənafelərini müdafiə edir, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin edir;

4. Bölmənin fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Universiteti dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil edir, hüquq və qanuni mənafelərini müdafiə edir;

5. Bölmənin fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Universiteti təmsil edir,

6. Universitetdə yaradılmış komissiyalarda, işçi qruplarında təmsil olunur və onların işində iştirak edir;

7. Universitetin iştirak etdiyi məhkəmə baxışlarında mütəxəssis və ya şahid qismində çıxış etmək məqsədi ilə Universitetin strukturlarının əməkdaşlarının məhkəmə prosesində iştirakı ilə bağlı rəhbərlik qarşısında məsələ qaldırır;

8. Universitetin strukturlarının əməkdaşları tərəfindən qanunvericiliyin, təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını, habelə onlara verilmiş tapşırıqların, həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər hazırlayır;

9. Təqdim edilən sənədlərə hüquqi rəy verir, həmin sənəd layihələrinin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə tövsiyələr verir, normativ sənədlərin hazırlanmasında iştirak edir;

10. Bölmənin rəyinə əsasən Universitetin struktur bölmələrinə və ya mütəxəssislərə qaytarılmış sənədlərin qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasına nəzarət edir;

11.  Müqavilələr üzrə öhdəliklərin pozulmasına görə Universitet tərəfindən ödənilmiş cərimələr haqqında məlumatların təhlili və icrası prosesinə dəyişikliklərin edilməsinə dair tədbirlər görür və onlara nəzarət edir;

12. Mübahisələrin məhkəməyəqədər (pretenziya) qaydada nizama salınmasına dair təklifləri hazırlayır və rəhbərliyə təqdim edir;

13. Universitetin fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə (iddialara) baxır,  onların əsaslı olub-olmamasını yoxlayır, aidiyyəti prosessual müddətlərin, iddiaçı tərəfindən normativ aktlara, müqavilələrə və başqa hüquqi sənədlərə istinadları araşdırır,  şikayətlərdə (iddialarda) əks olunmuş faktiki halları yoxlayır;

14. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Bölmənin əməkdaşları:

          Qəribli İsmayıl Cavanşir oğlu – Bölmə müdiri

          Öztürk Atilla Əsgər oğlu – Baş hüquqşünas