Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir;
ixtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;
ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;
tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;
ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir;
müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir;
tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;
akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində və AMEA-da tədris məsləhətçisidir;
akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində və AMEA-da müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur;
Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır;
prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;
akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;
fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin və AMEA-nın müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur;
Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir;
akademik təqvim – ali təhsil müəssisəsində və AMEA-da tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir;
müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;
akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir;
tədrisə tam cəlb olunma (fulltime) - ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;
tədrisə qismən cəlb olunma (parttime) - ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;
cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir;
aralıq qiymətləndirmə - fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir.[10]