Müsabiqə qaliblərimiz

Naxçıvan Dövlət Universitetinin startap komandaları Estoniyada keçiriləcək dünya çempionatında iştirak etməyə haqq qazanıb

Naxçıvan Dövlət Universitetinin startap komandaları “Robotex Türkiyə” Antalya çempionatında yüksək nəticə əldə ediblər.NDU-nun 5 komandası 19-21 aprel tarixlərində keçirilən "Robotex Türkiyə" Antalya çempionatında iştirak ediblər. 9 ölkədən komandaların qatıldığı çempionatda komandalarımız “Proqramlaşdırma”, “Yaşıl sahibkarlıq ”, “Tibb elmləri” üzrə startap kateqoriyalarında mübarizə aparıblar. Çempionatın nəticələrinə əsasən NDU-nun tələbələri - Sərdar Ağayev “Tibb elmləri” kateqoriyası üzrə I, Elsun Cəfərov “Proqramlaşdırma” kateqoriyası üzrə II yerin sahibi olub. Ümüd Nəsibov, Zahir Axundov və Abdulla Kərimli isə “Jüri özəl mükafatı”na layiq görülüblər. Yarışmada qalib gələn komandalar 2024-cü ilin dekabr ayında Estoniyada keçiriləcək “Robotex International” dünya çempionatında mübarizə aparacaqlar.

 

Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəallarının layihələri 17000 manat məbləğində qrant qazanıb

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

Qalib layihələr arasında Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri də var. Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının II regional konfransı”, sədr müavini Nilgün Qənbərlinin “Gənc mühəndislərin inkişaf proqramı”, sədr müavini Aytac Allahyarovanın “Milli-mənəvi dəyərlər Forumu” və Tələbə Gənclər Təşkilatının fəalları Salatın Məmmədovanın “Qərbi Azərbaycandan olan gənclərin I Naxçıvan Forumu”, Həsən İsmayılovun “Muxtariyyət-100” mövzusunda Nə? Harada? Nə zaman? intellektual oyunu, Xəyalə Məmmədovanın “Gənc hüquqşünasların inkişaf proqramı” layihələri müsabiqənin qalibi olub.

Qeyd edək ki, Tələbə Gənclər Təşkilatının qeyd edilən 6 layihəsi üzrə  Əziz Qasımov 3000,  Nilgün Qənbərli  2600, Salatın Məmmədova 3100, Aytac Allahyarova 2900, Həsən İsmayılov 2800, Xəyalə Məmmədovaya isə 2600 manat  olmaqla ümumilikdə 17000 manat qrant ayrılıb.

Naxçıvan Dövlət Universitetinin tələbələləri bilik yarışının qalibi olub.

İyunun 16-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.

İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarına dair biliklərini sınayıblar. İki saata yaxın davam edən bilik yarışında Naxçıvan Dövlət Universitetinin "Dəmir yumruq" komandası qalib olub.

 

 

 

Naxçıvan Dövlət Universitetinin istedadlı gəncləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında "Milli rəqs", "Solo rəqs" və "Muğam" nominasiyaları üzrə qalib olublar!

 

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən, ️Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2023 Enactus Azərbaycan Milli Yarışının final mərhələsində NDU-nun ENACTUS komandası 1-ci yerin sahibi olub.

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü ilə əlaqədar hüquq fakültələrində təhsil alan tələbələr üçün Baş Prokurorluqda “Heydər Əliyev və Qanun” adlı hüquq müsabiqəsi təşkil edilib.

Naxçıvan Dövlət Universitetinin komandası yarışın ümumi nəticələrinə görə 3-cü yerə layiq görülüb.