“TƏSDİQ EDİRƏM”
Naxçıvan Dövlət Universitetinin
rektoru: E.S.İsayev
26 dekabr 2023-cü il
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 26 dekabr 2023-cü il tarixli 5 №-li qərarı ilə qəbul edilmiş
Naxçıvan Dövlət Universitetində Elmi-pedaqoji təcrübənin təşkilinə dair
Q A Y D A L A R
I. Ümumi müddəalar:
1. Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji təcrübənin keçirilməsinə dair qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 sentyabr 2008-ci il tarixli, 1102 saylı əmri ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri və Naxçıvan Dövlət Universiteti Elmi Şurasının müvafiq qərarları əsasında hazırlanmışdır.
2. Elmi-pedaqoji təcrübə magistratura təhsil proqramının əsas hissəsi olmaqla ixtisas təhsil proqramının və tədris planının tələblərinə uyğun olaraq magistrantın ixtisaslaşma üzrə tədris sahəsində əldə etdiyi nəzəri biliklərinin tədrisə hazırlıq və auditoriyada tətbiqi bacarıqlarını formalaşdırmaq və praktiki səriştələrini ölçülmək məqsədi daşıyır.
I. Elmi-pedaqoji təcrübənin məzmunu, məqsədi, vəzifələri və prinsipləri
Elmi-pedaqoji təcrübənin məzmunu təqdim olunmuş mövzular üzrə mühazirə hazırlamaq, seminar və laborator işləri həyata keçirmək, müstəqil tapşırıqlar formalaşdırmaqdan ibarətdir.
Elmi-pedaqoji təcrübənin məqsədini magistrantın ixtisaslaması yönümlü fənnlərin tədrisi və pedaqoji, psixoloji fənlər üzrə əldə etdikləri nəzəri biliklərini tədris-praktiki şəraitdə tətbiq etməklə bacarıqlar formalaşdıraraq müvafiq səriştələrə yiyələnmək təşkil edir.
Elmi-pedaqoji təcrübənin aşağıdakı vəzifələri var:
Magistrant
- İxtisaslaşması üzrə fənlərin tədrisinin əsas fəaliyyət istiqamətini mənimsəməli;
- Pedaqoji-psixoloji sahədə əldə etdikləri bilikləri tətbiq etmək bacarıqları formalaşdırmalı;
- Tədris subyekti olan tələbələrlə ünsiyyət bacarıqları əldə etməli;
- İxtisaslaşması sahəsində tədris edəcəyi mövzular üzrə müstəqil tədqiqatçılıq bacarığı formalaşdırmalı və peşəkarlığını yüksəltməli;
- Tədris edəcəyi mövzunun səmərəli öyrənmə metodlarını müəyyən etməli;
- Tədris prosesində əldə etdiyi nəzəri bilikləri təcrübədə möhkəmləndirməli;
Əsas prinsipləri:
- Tədqiqatçılq;
- Demokratiklik;
- Öyrətməyi öyrənmək;
- Öyrətməyi öyrətmək;
- Əməkdaşlıq;
- Pedaqoji-psixoloji ustalıq.
III. Elmi-pedaqoji təcrübənin keçirilmə obyekti və müddəti
Elmi-pedaqoji təcrübənin keçirilmə obyektini Naxçıvan Dövlət Universitetinin kafedraları, elmi-tədqiqat laboratoriyaları, kitabxanaları, bakalavriat səviyyəsi üzrə ixtisaslaşmasına uyğun fənlərin tədrisi aparılan ixtisaslar təşkil edir.
Elmi-pedaqoji təcrübənin keçirilməsi rektorun əmri ilə rəsmiləşdirilir.
Magistr hazırlığı proqramına uyğun olaraq elmi-pedaqoji təcrübə II təhsil ilnin II smestrinin əvvəlində 4 həftəlik (20 gün) müddətdə reallaşdırılır.
IV. Elmi-pedaqoji təcürbənin keçrilməsinin təşkilati məsələləri
Müəssisə rəhbərinin hüquq və vəzifələri:
- Universitet rektoru elmi-pedaqoji təcrübənin keçirilməsinə dair əmr verir;
- Təlimatla müəyyən olunmuş qaydada məsul şəxslərə təcrübənin vaxtında və səmərəli təşkilinə dair tapşırıqlar verir;
- Magistrantlara elmi-pedqoji təcrübə müddətində fərdi planda nəzərdə tutulmuş işlərin icrası zamanı müəssisənin maddi-texniki bazasından təcrübə rəhbərinin nəzarəti ilə istifadə hüququ verir;
- Yekun attestasiya komissiyasının tərkibini təsdiq edir;
Təcrübə və məzunlarla iş bölməsi rəhbərinin hüquq və vəzifələri:
- Təcrübənin başlamasına ən azı iki həftə qalmış təcrübənin keçirilmə yeri və qaydaları haqqında Magistratura və doktorantura mərkəzinin direktoru ilə birgə magistrantları məlumatlandırır;
- Təcrübə kitabçasını təcrübə rəhbəri vasitəsilə elmi tədqiqat təcrübəsinin başlanmasından ən azı 2 həftə əvvəl magistranta təqdim edir.
- Magistratura və doktorantura mərkəzinin direktoru ilə birgə təcrübənin başlanğıc və yekun konfranslarını təşkil edir.
- Təcrübə müddətində təcrübənin təşkili və keçirilməsinə nəzarət edir.
- Təcrübə jurnalının vaxtında yazılmasına nəzarət edir.
- Yekun attestasiyanın keçirilməsi qrafikini Magistratura və doktorantura mərkəzinin direktoru ilə birgə hazırlayır və keçirilməsinə nəzarət edir.
Magistratura və doktorantura mərkəzi direktorunun hüquq və vəzifələri:
- Təcrübəyə buraxılan magistrantlar üçün təqdimat hazırlayır;
- Təcrübənin başlamasına ən azı iki həftə qalmış təcrübənin keçirilmə yeri və qaydaları haqqında Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri ilə birgə magistrantları məlumatlandırır;
- Təcrübə kitabçasını müvafiq rekrizitləri dolduraraq ixtisas kafedrasının müdiri və magistr proqramının rəhbərinin təsdiqinə göndərilməsinə nəzarət edir;
- Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri ilə birgə təcrübənin başlanğıc və yekun konfranslarını təşkil edir;
- Təcrübə müddətində təcrübənin təşkili və keçirilməsinə nəzarət edir;
- Təcrübənin qiymətləndirilməsi üçün Yekun Attestasiya Komissiyalarının tərkibinin təsdiq edilməsi üçün ümumi təqdimat verir;
- Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri ilə birgə Yekun Attestasiyanın keçirilməsi qrafikini hazırlayır və keçirilməsinə nəzarət edir;
- Attestasiya Komissiyası tərəfindən magistranta verilmiş yekun qiymətin elektron sistemə yüklənilməsini və rəsmiləşdirilməsini təmin edir.
İxtisas üzrə fakültə dekanının hüquq və vəzifələri:
- Təcrübə müddətində fakültələrin maddi-texniki bazasından magistrantlara tam istifadə imkanı yaradır;
- Təcrübənin gedişi ilə maraqlanır və nəzarət edir;
İxtisas kafedra müdirinin hüquq və vəzifələri:
- Təcrübə proqramının hazırlanması və təsdiqinə rəhbərlik edir;
- Magistrantlara təcrübə rəhbəri təyin edir;
- Təcrübənin başlanğıc və yekun konfranslarında iştirak edir;
- Təcrübə jurnalının təcrübə rəhbəri tərəfindən düzgün və vaxtında yazılmasına nəzarət edir;
- Təcrübənin təşkili və keçirilməsinə məsul şəxs kimi nəzarət edir və yaranmış çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı şəxslər qarşısında məsələ qaldırır;
- Yekun Attestasiyanın keçirilməsi üçün Attestasiya Komissiyasının tərkibini müəyyən edir və təqdimat verir;
- Yekun Attestasiyanın keçirilməsini qrafikə uyğun təşkil edir;
- Attestasiyanın keçirilməsi zamanı şəffaflığı təmin edir;
- Magistrantın Yekun Attestasiyadan keçməsinə dair təcrübə kitabçasında müvafiq qeydlərin aparılmasını təmin edir;
- Təcrübəyə dair sənədlərin bir nüsxəsinin kafedrada saxlanmasını təmin edir.
Magistrantın vəzifələri
- elmi-pedaqoji təcrübə zamanı ali təhsil müəssisələrində psixoloji-pedaqoji istiqamətdə nəzəri biliklərini genişdirmək və dərinləşdirmək;
- təcrübədə müddətində mühazirə, seminar, laboratoriya və praktiki dərslərin hazırlanması və keçirilməsi prosesini öyrənmək;
- mühazirə, seminar, laboratoriya və praktiki dərslərin hazırlanması və keçirilməsi prosesində təşəbbüskar və yaradıcı olmaq;
- dərslərin təşkilində müxtəlif innovativ vasitələrdən istifadə etmək;
- müxtəlif pedaqoji-psixoloji testlər keçirmək;
- kurs və diplom işlərinin, məqbul və imtahanların layihələndirilməsi prosesini öyrənmək;
- innovasiyalı, mütərəqqi təhsil texnologiyalarını mənimsəmək;
- tədris kompüter proqramları və digər müvafiq texniki vasitələrlə tanış olmaq və biliklər əldə etmək;
- Elmi-pedaqoji təcrübə kitabçasında görülən işlərin gündəlik qeydlərini aparmaq;
- Nəzərdə tutulan prosedur qaydalara tam əməl etmək;
- Elmi-pedaqoji təcrübəsi üzrə hesabat yazmaq;
- Elmi-pedaqoji təcrübəsinin sonunda yekun hesabatını təqdim etmək.
V. Elmi-pedaqoji təcrübəyə rəhbərlik
Naxçıvan Dövlət Universitetinin ixtisas kafedraları tərəfindən magistrantlara elmi-tədqiqat təcrübəsinin keçrilməsi üçün təcrübə rəhbəri təyin edilir və rektorun əmri ilə təsdiq edilir. Elmi-pedaqoji təcrübənin rəhbəri kimi kafedranın təcrübəli professor-müəllim heyəti təyin olunur. Bir pedaqoq 5 nəfərdən çox magistranta elmi pedaqoji təcrübə üzrə rəhbər təyin oluna bilməz. Elmi-pedaqoji təcrübənin rəhbəri təcrübə planının yerinə yetrilməsinə bilavasitə rəhbərlik və nəzarət edir.
Elmi-pedaqoji təcrübə rəhbərinin vəzifələri:
- elmi-pedaqoji təcrübənin proqramı əsasında təşkilati işləri həyata keçirir;
- magistrantların aparacağı dərslərin cədvəllərinin hazırlanıb müvafiq bölmələrə çatıdırılmasını təşkil etmək;
- magistrantların aparacağı dərslərdə və dərslərin müzakirəsində iştirak etmək;
- magistrantlara elmi-pedaqoji təcürbənin keçrilməsinin proqramı haqqında məlumatlar verir;
- elmi-pedaqoji təcrübənin kitabçasını təsdiq edir;
- elmi-pedaqoji təcrübənin məqsəd və vəzifələrinə uyğun yerinə yetiriləcək işlərə müvafiq olaraq magistrantın fərdi iş planının hazırllanmasında köməklik göstərir, öz tapşırıqlarını verir və onu təsdiq edir;
- magistrantın təcrübəyə davamiyyətinin qeydiyyatını aparır;
- magistrantın sınaq dərslərində iştirak edir və qiymətləndirir;
- təcrübə prosesində sual doğuran məsələlərlə bağlı magistranta məsləhətlər və tövsiyələr verir;
- elmi-pedaqoji təcrübə prosesində magistrantların müsətiqil fəaliyyətini ilkin qiymətləndirir;
- hər bir magistrantın təcrübədə iştirakının nəticələrinə uyğun olaraq qısa rəy verir;
- təcrübə işçi-tədris planında nəzərdə tutulmuş işlərin qrafikə uyğun olaraq təcrübə jurnalında qeydiyyatını aparır;
- təcrübə rəhbəri təcrübə jurnalının tam və səliqəli şəkildə tammalanıb, təhvil verilməsinə məsuldur;
- elmi-pedaqoji təcrübənin Yekun Attestasiyası Komissiyanın işində iştirak edir.
VI. Elmi-pedaqoji təcrübənin proqramı
Elmi-pedaqoji təçrübənin proqramı hər bir ixtisaslaşmanın Təhsil proqramında (standartında) ona verilən tələblərə uyğun olaraq ixtisas kafedrasında hazırlanır və hazırlanmış proqram NDU-nun «Elmi-Metodik Şura»sında və yekun olaraq NDU-nun «Elmi Şura»sında təsdiq olunur.
VII. Elmi-pedaqoji təcrübə zamanı magistrantın fərdi planında əsasən aşağıdakılar yerinə yetirilməlidir
- ali təhsil müəssisələrində tədris problemləri üzrə psixoloji-pedaqoji ədəbiyyatlarla tanış olmaq və onları öyrənmək;
- mühazirə, seminar, laboratoriya və praktiki dərslərin hazırlanması və keçirilməsi;
- kurs və diplom işlərinin, məqbul və imtahanların layihələndirilməsi prosesini öyrənmək;
- innovasiyalı, mütərəqqi təhsil texnologiyalarını mənimsəmək;
- Tədris kompüter proqramları və digər müvafiq texniki vasitələrlə tanış olmaq.
VIII. Magistrantın elmi pedaqoji təcrübəsinin ümumi yekun
hesabatına daxildir:
- magistrant haqqında qısa məlumat
- təcrübənin keçirildiyi yer;
- təcrübənin məqsədi;
- təcrübənin müddəti;
- təcrübə proqramına uyğun olaraq yerinə yetirilən iş və tapşırıqların təsnifatı;
- tədris etdiyi fənn üzrə hazırladığı işçi-tədris planına dair nümunə;
- tədris etdiyi fənn üzrə hazırladığı (mühazirə, seminar, labarator və s.) materiallar (hər materialda istinad edilən mənbələri göstərməklə, müəlifin və nəşriyyatın adı, buraxılış ili və səhifələrin sayı );
- iştirak etdiyi dərslərin müzakirəsinə dair protokollar;
- elmi-pedaqoji təcrübə zamanı əldə edilmiş səriştə və bacarıqlar haqqında təsviri məlumat;
- təcrübəyə dair təkliflər;
IX. Yekun Attestasiya:
Yekun Attestasiya Komissiyasının tərkibi ixtisas kafedralarının mütəxəssislərindən (kafedra müdiri, müəllimlər) ibarət olur. Fakültə üzrə magistrantların ixtisaslarına uyğun kafedralardan sədr, üzvlər və katibdən ibarət komissiyanın tərkibi müəyyənləşdirilərək təqdimat yazılır (hər bir fakültədə bir komissiya yaradılır) və rektorun əmri ilə təsdiq olunur. Elmi-pedaqoji təcrübənin yekun qiymətləndirilməsi Attestasiya Komissiyası tərəfindən aparılır. Elmi-pedaqoji təcrübənin rəhbəri Attestasiya Komissiyasının üzvü kimi çıxış edə bilər.
Attestasiya kommissiyası öz fəaliyyətini Magistratura və doktorantura mərkəzinin verdiyi qrafik əsasında və nəzarəti ilə tənzimləyir.
Təcrübəçi magistrant elmi-pedaqoji təcrübənin hesabatını müvafiq sənədlərlə birgə magistr proqramının rəhbərinin iştirakı ilə attestasiya komissiyasına təqdim edir.
Yekun attestasiyada hesabatın müdafiəsi zamanı magistrant elmi-pedaqoji təcrübə zamanı əldə olunan nailiyyətlər haqqında çıxış etməli, özünün qazandığı yeni təcrübi bilikləri təqdim etməlidir. Elmi-pedaqoji təcrübənin yekunları X bölmədə göstərilən qiymətləndirmə meyarları əsasında 100 ballıq sistemlə qiymətləndirilir.
Yekun attestasiyasının nəticələri magistrantlar tərəfindən hazırlanmış hesabat materiallarının keyfiyyəti və həcminə müqabil olaraq təcrübə proqramı və fərdi iş planının (tapşırığı) yerinə yetrilməsi səviyyəsi ilə müəyyən edilir.
XI. Magisrtantın elmi-pedaqoji təcrübəsini qiymətləndirmə meyarları
Hər bir magistr Elmi pedaqoji təcrübə dövründə 3 (üç) mühazirə, 3 (üç) seminar (və ya labarotor məşğələ) olmaqla 6 (altı) dərs aparmalıdır.
Elmi-pedaqoji təcrübənin qiymətləndirmə meyarları
|
Magistrantın elmi tədqiqat təcrübəsi 100 ballıq sistemlə qiymətləndirilir |
100
|
|||
Davamiyyətə görə EPT-yə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Magistrant təcrübədə tam iştirak etdiyi halda ona 10 bal verilir. Təcrübə müddətində hər buraxılan 1 saata görə 0,5 bal çıxılır. Buraxılmış saatların miqdari təcrübəyə verilmiş saatların ümumi sayının 25% dən çox olmamalıdır. Bu, müəyyən olunmuş həddən yuxarı olduğu ( 25% və çox) halda tələbənin təcrübəsi qeyri müvəffəq hesab olunur
|
10 bal |
||||
Magistrantın təcrübədəki fəallığı və şəxsi təşəbbüskarlığına görə maksimum 20 bal verilir. |
20 bal |
||||
Magistrantın sərbəst dərs aparmaq bacarığına görə maksimum 60 bal. (6 dərsin hər biri maksimum 10 bal) verilir. |
60 bal |
||||
Magistrantın təcrübənin sonunda hazırladığı yekun hesabata maksimum 10 bal verilir. |
10 bal |
||||
|
|
||||
Yekun qiymətləndirmə |
91-100 bal
|
əla
|
A
|
|
|
81-90 |
çox yaxşı
|
B
|
|
||
71-80 |
Yaxşı
|
C
|
|||
61-70 |
Kafi
|
D
|
|||
51-60 |
qənaətbəxş
|
E
|
|||
51 baldan aşağı |
qeyri-kafi |
F |
|||
|
|
|
|||
XII. Elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsinə nəzarət
Elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsinə nəzarət Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri, Magistratura və doktorantura mərkəzinin direktoru, fakültə dekanları və ixtisas kafedrasının müdiri tərəfindən həyata keçirilir. Aşkarlanmış qüsurlar haqqında qaydalara uyğun tədbirlər görülür və vaxtında tədris işləri üzrə prorektora məlumat verilir.
DİQQƏT!
Təcrübə obyektində əmək intizamı qaydaları həmin qurumun əmək intizamı qaydaları ilə tənzimlənir. Qaydalar pozularsa müvafiq intizam cəzası tətbiq olunur.
Hər hansı səbəbdən təcrübə keçməyən və ya qeyri-müvəffəq qiymət almış magistrantlar təcrübəni keçməmiş sayılır.
Təkrar elmi tədqiqat təcrübəsinin təşkili magistrantın şəxsi vəsaiti hesabına təmin olunur və təcrübə tədris proqramından kənar vaxtda yerinə yetirilir.
Aşağıdakı hallarda Magistrant elmi pedaqoji təcrübəsini keçməmiş sayılır!
- Magistrant elmi-pedaqqoji təcrübdə iştirak etmədikdə və ya davamiyyətsizliyi 25% və çox olduqda;
- Magistrant müvafiq proqramı yerinə yetirmədikdə;
- Magistrant hər hansı mərhələdən 0 bal aldıqda;
- Magistrant öz sınaq dərslərinin 50%-ni icra etmədikdə;
- Magistrant öz sınaq dərslərindən ümumilikdə 17 bal və aşağı topladıqda;
- Elmi-pedaqoji təcrübənin yekun hesabatı qeyri-müvəffəq qiymətləndirildikdə;
- Magistrant hesabatda iştirak etmədikdə
Magistrantın təcrübədə iştirak etməməsi və ya müəyyən olunmuş normativləri yerinə yetirməməsi elmi-pedaqoji təcrübənin sənədləri əsasında təsdiqlənməlidir.