Tələbə Elmi Cəmiyyəti elmi tədqiqat və elmi-təşkilati işlərdə fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. Tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir.
Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyəti 1969-cu ildə, bu ali məktəb Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyət göstərdiyi dövrdən yaradılmışdır. Həmin illərdə cəmi 25 nəfər tədqiqatçı tələbəni əhatə edən cəmiyyətin üzvlərinin sayı sonralar ildən-ilə artmışdır. Hazırda Universitet Tələbə Elmi Cəmiyyəti sıralarında tələbə yaradıcılıq axtarışlarına maraq göstərən gənclər elmi-tədqiqat işləri sahəsində ilk addımlarını atmaqdadır. Hal-hazırda Tələbə Elmi Cəmiyyətinin strukturu 100 nəfər bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrdən ibarətdir.
Hər tədris ilinin başlanğıcında bütün fakültələrdə, xüsusən birinci kurslara TEC haqqında məlumat verilir. Fakültə TEC sədrləri və üzvləri seçilir, fəaliyyətə başlanılır. Müxtəlif mövzular seçilərək tələbələrə verilir. Naxçıvan Muxtar Respublikasının tarixi, coğrafiyası, təbiəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında mövzuların verilməsinə üstünlük verilir. Hər tələbənin elmi rəhbəri vardır. Tədris ilinin sonuna kimi tələbələr öz elmi işi üzərində çalışır, araşdırmalar aparır. Tədris ilinin sonuna yaxın fakültələrdə yekun konfranslar keçirilir. Daha bacarıqlı tələbələr seçilərək universitet turuna buraxılırlar. Burada ən layiqli tələbələr qalib çıxaraq müvaffiq diplomlar və hədiyyələrlə təltif olunurlar. Qaliblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi tələbə elmi konfranslarında iştirak etmək hüququ qazanırlar. 1000-ə yaxın tələbə ixtisas sahələrinə uyğun olaraq müxtəlif mövzular üzərində elmi-tədqiqat işi aparır.
Tələbə Elmi Cəmiyyətinin tərkibində Magistratura şurası, Karyera və İnkişaf mərkəzi fəaliyyət göstərir. Tələbələrin elmə yönləndirilməsinə, bacarıqlarının artırılmasına və inkişafına xidmət edir.
Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Hüseyn qızı Bağırovadır.