Əhmədova Gülxarə Mənaf qızı
Mən Əhmədova Gülxarə Mənaf qızı 1966-cı ildə Babək rayonunun Kültəpə kəndində doğulmuşam.
1973-cü ildə Kültəpə kənd orta məktəbinə daxil olmuş, 1983-cü ildə məktəbi bitirmişəm. 1986-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin (indi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Özfəaliyyət dram teatr kollektivinin rəhbəri” ixtisasını bitirmişəm.
1995-ci ilədək Babək rayon mədəniyyət evinin müdiri vəzifəsində çalışmışam.1995-ci ildən bu günədək Naxçıvan Dövlət Universitetində işləyirəm. Babək rayon mədəniyyət evində ilk dəfə 1991-ci ildə “Novruz bayramı” adlı kütləvi meydan tamaşasına quruluş vermişəm. Həmçinin bu tamaşa mənim diplom işim olub. Babək rayonunda çalışarkən bütün mövsüm və mərasim tədbirləri ilə yanaşı kütləvi bayram və təqvim bayramlarının rejissor işini və ssenarisini hazırlamışam. Rayon və şəhər müsabiqələrində hazırladığım kollektivlər uğurla çıxış edib. Mədəniyyət evində müxtəlif folklor, yallı və rəqs, bədii qiraət dərnəklərini, şən və hazırcavablar klubunun yaranması və fəaliyyətində kollektivə yaxından köməklik etmişəm.1995-ci ildə Naxçıvan Dövlət Universitetində “Musiqi və onun tədrisi metodikası” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşam. İlk dəfə 1997-ci ildə muxtar respublikada keçirilən “gül” festivalında iştirak edərək respublikada birinci yeri tutmuş və mükafata layiq görülmüşəm.1998-ci ildə universitetdə keçirilən “Yeni il” şənliyinin təşkilatçısı və aparıcısı kimi iştirak etmişəm. Şənlikdə bir neçə səhnəcik nümayiş olunub. Bu tədbirdəki fəaliyyətimə görə rektorluq mənə universitetdə teatr kollektivi yaratmağı tövsiyyə edib. Elə həmin ildən Naxçıvan Dövlət Universitetində yeni yaranmış “İncəsənət” fakultəsinin nəzdində Tələbə Teatr Studiyası mənim rəhbərliyimlə fəaliyyətə başlayıb.TTS-da bu günə qədər 15 ə yaxın iri həcmli əsərlər tamaşaya qoyulmuş, yüzlərlə müxtəlif səpkili tədbirlər təşkil olunmuşdur. Studyada fəaliyyət göstərən tələbələrin əksəriyyəti universiteti müvəffəqiyyətlə bitirərək magistr pilləsində təhsillərini davam etdirmişlər.1998-ci ilin may-iyun ayında ilk dəfə TTS “Kitabı Dədə Qorqud” dastanı motivləri əsasında tanınmış yazıçı Kamal Abdullanın “Beyrəyin taleyi” əsərini tamaşaya hazırlamış və uğurlu bir tamaşa alınmışdır.Rəhbərlik etdiyim TTS fəaliyyətə başladığı ilk vaxtlardan universitetin mədəni-kütləvi tədbirlərində yaxından iştirak etmiş bu günə qədər yüzlərlə istedadlı tələbənin formalaşmasında müstəsna rol oynamışdır.TTS-də “Yallı və rəqs” qrupu, “Şən və hazırcavablar klubu”, vokal qrupları, bədii qiraətçilər qrupu fəaliyyət göstərmişdir. Bu qruplarda təkcə incəsənət fakultəsindən deyil, bütün fakultələrdən olan müxtəlif ixtisaslı istedadlı tələbə gənclər üzv olmuşlar. Dəfələrlə TTS-in kollektivləri muxtar respublika və eləcə də qonşu İran, Türkiyə, Gürcüstan, Rusiya dövlətlərində keçirilən festivallarda uğurla çıxış edərək universitetimizi təmsil etmişlər.1999-cu ildə Naxçıvan Dövlət Universitetinin yeni binasının açılış mərasimində TTS-in hazırladığı “Prezidentim 100 yaşa” adlı ədəbi-musiqili kompozisiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bir qrup dövlət adamlarının, eləcə də ədəbiyyat və incəsənət xadimlərinin qarşısında nümayiş etdirildi.1999-2000-ci illərdə TTS-in böyük işlərindən biri türk yazıçısı Turan Oflazoğlunun “Atatürk” əsəri əsasında hazırladığı “Türkün Atatürkü” tamaşası oldu. Bu tamaşa 2006-cı ilədək TTS-in repertuarında qaldı və yeni-yeni tələbə aktyorların ifasında Naxçıvan Dövlət Universitetində və Türkiyənin bir çox şəhərlərində və universitetlərində tamaşaçılara təqdim olundu. 2001-ci ildə TTS dahi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinə müraciət etdi. Bu tamaşa da uğur qazandı və Qars-Qafqaz Universitetində Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar Beynəlxalq Konfransdan sonra göstərildi. 2005-ci ilədək bu tamaşa da repertuarda qaldı.2006-cı ildə TTS tanınmış yazıçı dramaturq Həmid Arzulunun “Qaçaq quşdan” romanı əsasında “Milaxda həyəcan” tamaşası ilə uğur qazandı. Tamaşa muxtar respublikanın hərbi hissələrində və Naxçıvan Dövlət Universitetində Xocalı faciəsi ilə bağlı tədbirlərdə və soyqırım tədbirlərində nümayiş etdirilib.2006-cı ildə TTS böyük Mirzə Cəlilin “Ölülər” əsərinə müraciət etdi. Bu tamaşa 2009-cu ilədək TTS-nin repertuarında bir neçə dəfə yeni quruluşda oynanıldı. Hətta Cəlil Məmmədquluzadənin 140 illik, “Ölülər” əsərinin yazılmasının 100-cü ildönümünə TTS-nin layiqli töhfəsi oldu. Bundan sonra TTS C. Məmmədquluzadənin “Danabaş kəndinin müəllimi” əsərini tamaşaya qoydu.2012-ci ildə TTS Nazim Hikmətin “Qəribə adam” pyesini tamaşaya qoydu.2013-cü ildə isə TTS qədim yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey” əsərini tamaşaya qoydu.2014-cü ildə TTS-in yeni tamaşası Adil Babayevin “Sarı gəlin” əsəri əsasında hazırlanmış “Sarı gəlin” tamaşasıdır.Studiyada, son zamanlar tələbə-aktyor Elnur Rzayevin ssenarisi əsasında hazırlanan “Boz” pantomim əsəri tamaşaya qoyulmuşdur. Bu tamaşada Tələbə Teatr Studiyası öz repertuarında,eyni zamanda Muxtar Respublikada yeni janra müraciət etmişdir. Bu əsər ilə studiya respublikanın paytaxtı Bakıda 2015-ci il aprel ayında “Narkomaniyaya qarşı” devizilə keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalında iştirak etmiş, studiyanın aktyoru Nurbəniz Niftəliyeva festivalın ən yaxşı aktrisa nominasiyasına layiq görülmüsdür2011-ildə Universitetimizdə aktyorluq ixtisasının açılması bu mühitin daha geniş sferada fəaliyyət göstərəcəyinə inamı yaratdı. Çünki əvvəllər studiyada müxtəlif ixtisaslarda təhsil alan tələbələr fəaliyyət göstərirdisə, bundan sonra tələbə teatrına, əsasən, aktyorluq sənətini seçən tələbələr cəlb edilir. Onlar burada ilk səhnə təcrübəsinə yiyələnirlər.Hazırda bütün Aktyor tələbələr kurs tamaşaları üzərində çalışırlar və hesabat zamanı bu tamaşaları təhvil verəcəklər.Bu günun teatr repertuarı da zamanın tələbinə görə təyin olunur. Bu mənada Tələbə Teatr Studiyası öz fəaliyyətində yeni-yeni janrlara müraciət edir. Hazırda yazıçı dramaturq Kamal Abdullanın “bir,iki,bizimki”adlı absurd pyesini repertuara daxil etmişik.Universitetimizin 50 illik yubileyi ilə əlaqədar TTS –si həmyerlimiz, taninmış yazıçı –dramaturq Həmid Arzulunun alman dilindən tərcümə etdiyi Alman dramaturqu Qotvald Lessinqin “Emiliya Qollotti” faciəsini tamaşaya qoymağa hazırlaşır.1999-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə göstərdiyi xidmətlərinə görə xüsusi Fəxri Fərmanı ilə təltif olunmuşam.2007-ci ildə “Qabaqcıl təhsil işçisi” medalı ilə təltif olunmuşam.2008-ci ildə dövlətimizin böyük qayğı və diqqəti sayəsində mənə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adı verildi.2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsində yaradılan Teatr və mədəniyyətşünaslıq kafedrasına rəhbərlik edirəm.2013-cü ilin may ayında Prezident mükafatına layiq görüldüm. 2013-cü ilin iyul ayında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbycan dramaturgiyası və məktəb teatrı ənənələri” adlı dissertasiya işimi müdafiə etdim.2016-ci ildə dosen elmi dərəcəsi almışam. 2020 il tarixdən NDU-də Şənətşünaslıq doktoru üzrə dissertasiya işi götürmüşəm.Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiri kimi fəaliyyətimi davam etdirir və dövlətimizin mənə göstərdiyi etimadı doğrultmağa çalışıram.
Elmi əsərlərinin S İ Y A H I SI