Yaponiya vətəndaşı professor Xəlil Kələntər universitetin Fizika və riyaziyyat və Kompüter mühəndisliyi fakültələrində təhsil alan magistr və doktoranlar üçün tədqiqat bacarıqlarının artırılması üçün təlimlər və ustad dərsləri təşkil etmiş, eləcə də, universitetin professor/müəllim heyəti üçün “Patentə gedən yol” başlığında tədqiqatların aparılması və tədqiqat nəticələrinin patentləşdirilməsi barəsində təlim təşkil etmişdir. Xəlil Kələntər Naxçıvan Dövlət Universitetinin müxtəlif kafedralarından olan 13 nəfər əməkdaşı cəlb edərək tədqiqat qrupu yaratmış və elmin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinin aparılmasına başlanmışdır. Professor universitetdə olduğu müddət ərzində “Planar və non-planar ekranların on/off-ekrana metrologiyası üçün ölçüm sahəsinin konturunu təyin etmək” mövzusundə tədqiqat aparmış və tədqiqatın nəticəsini elmi məqalə kimi Yaponiyanın nüfuzlu elmi jurnalında çap etdirmişdir. Professor yalnız Yaponiyada deyil, Amerika, Asiya va Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır və LCD texnologiyası üzrə yapon dilində 6 kitabın, 130-dan artıq elmi məqalənin, 100-ə yaxın patentin müəllifidir.